Azərbaycan Respublikası ərazisindəki ən böyük monastır kompleksi olan Xudavəng monastırı Tərtərçayın sol sahilində, Kəlbəcər rayonunun Vəng kəndi ərazisində yerləşir. Cənubi Qafqaz ərazisində ilk xristian məbədlərdən olan Xudavəng monastır kompleksi Azərbaycan xalqının əcdadlarının yaratdığı möhtəşəm maddi-mədəniyyət nümunələrindəndir. Monastır Azərbaycanın xristian memarlığının ən iri abidələrindən biridir. Xudavəng məbəd kompleksi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli 132 saylı Qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələri”nin siyahısına daxil edilmişdir.
Tərtərçay vadisinin ən mühüm abidələrindən biri olan Xudavəng monastırı xristianlığaqədərki inancların izlərini daşıyan qədim məbəd kompleksidir. Xalq arasında Xudavəng, yəni “tanrı məbədi” adlandırılan bu alban məbədi xristianlığın qəbuluna qədər movcud olmuş qədim kult yerində inşa edilmiş inanc yeridir. Xudavəng apostollar dövrünə aid ən erkən alban xristian dini abidələrindəndir. İsa Məsihin həvarilərindən biri olmuş Faddeyin şagirdi Dadi tərəfindən əsası qoyulduğu mənbələrdə qeyd olunmaqdadır.
XIX əsr müəllifi yazır ki, bu tikilinin yaşını müəyyən etmək mümkün deyil, çünki o dəfələrlə bərpa edilmişdir. Onun qədimliyi tamamilə məhv olub və yalnız bərpa edilmiş vəziyyəti qalıb.
Sovet dövründə aparılan arxeoloji tədqiqatların nəticələrindən məlum olur ki, bu qədim məbəd yerində monastır tikintisi VI-VII əsrlərdə başlamışdır. Monastır kompleksində erkən orta əsrə aid Azərbaycan üçün səciyyəvi arxaik qaradam formalı qədim məbəd qalıqları aşkar edilmişdir.
Monastır qayalığın başında yüksəklikdə tikildiyi üçün Xudavəng adlandırılıb. Xudavəng – “tanrı məbədi” adı bü günədək də xalq arasında qorunub saxlamışdır. Mənbələrdə Dadivəng adının monastırın yerləşdiyi Vəng kəndinin adı ilə bağlı olduğu qeyd edilir. Xudavəng monastırı Vəng kəndinin adı ilə xalq arasında elə Vəng piri olaraq da tanınırdı. XX əsrin əvvəllərində Yampolski bura yerli xristian alban əhali ilə yanaşı müsəlmanların da gəldiyini qeydə almışdı. Vəng ziyarətgahı Xudavəng monastırının içində idi. Ziyarətgahın mərkəzi gözəl ornamentli oyma xaçlarla bəzədilmişdi. Bu xristian məbədinə müsəlmanlar da gedirdi.
Bütün Azərbaycan ziyarətgahlarında olduğu kimi Xudavəng monastırının yaxınlığında bitən dağdağan ağacı da xalqın sitayiş yeri idi. Məbəd xristianlığın qəbulundan sonra da həm müsəlman həm də xristian əhalinin ziyarət yeri olaraq qalmaqda idi.
Monastır kompleksi tarixi Qafqaz Albaniyasının Arsak vilayətinin Rostok adlanan tarixi bölgəsində yerləşmişdir. Monastır Alban dövlətçiliyinin süqutundan bir əsr sonra IX əsrdən Ərəb xilafətinin zəifləməsilə yenidən dirçələn alban Xaçın knyaz sülaləsinin nəzarətində idi. Xudavəng monastırı ilə yanaşı Həsənriz (Aterk) ərazisi və qalası da Xaçın knyaz sülaləsinin nəzarəti altında idi. Xudavəng monastırı XI-XII əsrlərdən etibarən yüksələn Xaçın knayzlığının dini mərkəzinə çevrilir.
Qeyd etmək lazımdır ki, Xaçın knyazlığı sülaləsi Azərbaycan xalqının etnogenezində iştirak etmiş albanlara mənsub idilər. Xudavəng məbəd kompleksinin kitabələrində qeyd olunan Arzu xatun, Tursun, Seyti, Hasan, Avaq, Şəms, Altun, Ağbux, Qaragöz, Mamaxatun kimi bariz türk adları abidəni ucaldanların etnik mənsubiyyətinin türklüyünün dəqiq göstəricilərindəndir.
Monastır ərazisində Xaçın məlikliyinin hökmdarlarına aid çox sayda kitabələr mövcud olmuşdur. Monastırın cənub divarındakı kitabədən məlum olur ki, Xudavəng, Xatirvəng və Getamac (Zar) kimi alban monastırları Xaçın knyazlarının nəsil mirası, ata taxtı olmuşdur. Xaçın knyaz sülaləsindən olan Tursun Seyti, Hasan və onların qardaşları, oğulları babalarından qalma Dadivəng, Xatir və Getamac (Zar) monastırlarının sülalənin nəsil qəbiristanlıq olması ilə bağlı imza atmışlar. Kitabədə Xaçın nəslindən olan Peki, Altun, Aytin, Bəhram, Cahanşah kimi knyazların da adı çəkilir. Xudavəng monastırında 1142 -ci ildən Xaçın knyazlığının başında duran Səkər Vaxtanqın oğlu Həsənin dövründən qalma bir neçə kitabə mövcud olmuşdur. Kitabələrdən məlum olur ki, Kürə çarının qızı Mamaxatunla evlənmiş Həsən 1182-ci ildə 40 illik hakimiyyətindən sonra öz xanımı ilə rahiblik həyatını seçmişlər. 1182-ci ildə Şahzadə Vaxtanqın oğlu Həsən Xanabad, Xaçın və Aterkin (Həsənriz) ərazilərinə 40 il hakimlik etdikdən sonra öz qalalarını, mülklərini 6 oğlu arasında bölərək Xudavəng monastırına, qardaşının yanına gəlmişdir və buraya özü ilə aquen (alban) xaçdaşı gətirmişdir.
II kitabə Hasanın xanımı Mamaxatuna aiddir. Kitabənin mətnində yazılır ki, “Mən Mama xatun, Kürək çarının qızı, Hasanın xanımı mülklərimizi oğlanlarmıza qoyub monastıra gəldik, rahib olduq. 1182-ci il”. Monastır ərazisində alban knyaz nəslinin nümayəndələrinin dəfn olunması və monastıra göstərdikləri yardımlardan bəhs edən kitabələr mövcud olub. XIII əsrin sonlarında monastır kompleksi Mehranilər sülaləsindən olan Alban Xaçın hakimi Həsən və onun xanımı Mama xatun tərəfindən təmir etdirilərək genişləndirilmişdir. Hakimiyyəti oğlanlarına verərək dini rütbələr almış Xaçın knyazı Həsən və onun xanımı ömürlərinin son dövrünü monastır kompleksində keçirərək tərki dünya həyatı yaşamışlar. Monastırın divarlarındakı yazılardan məlum olur ki, Xaçın hökmdarı, Mehranilər sülaləsindən olan Böyük Həsən xanımı Mama xatunla birlikdə 1182-ci ildə öz mülklərini 6 övladı arasında bölüşdürüb Xudavəng monastırına yerləşmişər. Kitabədən Xaçın hökmdarının 1182-ci ildə bura özü ilə alban xaçdaşı da gəturdiyi məlum olur. Dünyəvi həyatdan uzaqlaşaraq dini rütbələr almış Xaçın knyazı Həsən və Mama-xatun ömürlərinin sonuna kimi bu monastırda rahiblik həyatı sürərək yaşamışlar.
Monastır ərazisindəki 1182-ci ilə aid kitabədən məlum olur ki, bu dövrdə Xaçın hökmdarı Həsənin qardaşı Qriqori alban yepiskopu idi, və bu monastırda fəaliyyət göstərirdi. Xaçın knyazı Həsən və Mama xatun onun yanına gələrək rahibliyə başlamışlar.Xaçın knyazlığının yüksəlişi dövründə 1214-cü ildə monastır yenidən inşa edilmişdir.
Böyük Həsən monastırda yeni məbəd tikdirmişdi (Həsən türbəsi-Darpası). Böyük Həsənin oğlu Həsən Cəlalın oğlu Vaxtanq kompleksin ərazisində geniş tikinti işləri aparmış, onun xanımı Arzu xatun isə 1214-cü ildə əri Vaxtanqın və iki oğlunun xatirəsinə kompleksdə kilsə tikdirmişdir. 1214-cü ilə aid kitabədən məlum olur ki, şahzadə Vaxtanqın xanımı Arzu xatunun əmri ilə monastır ərazisi Xaçın sülələsinin ailə sərdabəsinə çevrilmiş, qədim hasarı olan monastır bərpa edilmişdir. Monastırda yonulmuş daşdan 4 sütun üzərində ecazkar bir tikili Arzu xatun türbəsi inşa edilmişdi. Həmin tikilinin divarındakı kitabədə həkk olunub ki, Mən Arzu xatun, böyük knyaz Kürdün qızı, Aterkin və bütün Xaçının sahibi Vaxtanqın xanımı bu müqəddəs kilsəni əri min və vaxtsız vəfat etmiş oğlanlarım Hasan və Qriqorinin məzar yerində tikdim. Tikinti 1214-cü ildə başa çatdı.
Arzu xatun kilsəsinin şərq fasadında daş üzərində knyaz Vaxtanqın, cənub fasadında isə Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuşdu. Fasad yonma daşla üzlənib, qabartma və oyma naxışlarla bəzədilib. Tədricən monastırın ərazisi və torpaqları Xaçın knyazı Həsən Calal və Mama-xatunun övladlarının monastıra bağışladığı torpaqlar hesabına xeyli genişlənərək böyük əraziləri əhatə etmişdir. Məbədin əsas hissəsində fasadın üstündəki yazı 1271-ci ilə aidir və bu məbədə bağışlanan torpaqlardan bəhs edir. Kiabələrdən birindəki mətndə yazır ki, mən Mamaxatun, Həsənin xanımı və oğlumuz Qriqori torpaqlarımızı bu müqəddəs ziyarətgaha verdik.1312 -ci il.
Kilsədəki kitabələrdən məlum olduğu kimi, alban Xaçın hökmdarlarının həm özləri, həm də oğlanları və gəlinləri monastır üçün bir çox xeyriyyə işləri görmüşlər. Monastırın möhtəşəm kilsə zəngi də bunlardan biridir. Həsənin qardaşı oğlanları Bəhram və Sərkis həm Xudavəng monastırının, eyni zamanda digər alban kilsələrinin zənglərini təmir etdirmişdilər. Məlumata görə, belə kilsə zəngləri Xatırvəng, Zar kəndlərindəki Getameç kilsəsində də inşa edilmişdi.
Monastır ərazisindəki çoxsaylı kitabələrdən birində, 1298-ci ilə aid yazıdan məlum olur ki, bu monastır ərazisində Xaçın knyazı Vaxtanqın xanımı, knyazlar knayzı Kürdün qızı Arzu xatunun əmri ilə Xaçın sülaləsi üçün ailə sərdabəsi inşa edilmişdir. Ailə sərdabəsində Xaçın hakimi Vaxtanq, xanımı Arzu xatun, oğlanları Həsən və Qriqoris, anası Xorişə xatun, Arzu xatunun bacısı və II Həsənın xanımı və Qriqorinin anası Mamaxatun, müxtəlif dövrlərdə yaşamış Zaxari, Atanas, Ovanes, Qriqoris, Sarkis (son alban yepikopu) kimi alban katolikosları və yepiskoplarının məzarları vardır. Xudavəng monastır kompleksi orta əsrlər
memarlığının bütün nümunələrini – yaşayış evləri, mehmanxana, kitabxana, yeməkxana kimi tikililəri özündə birləşdirən nadir məbədlərdən biridir. Monastır kompleksinin tərkibində bazilika tipli baş məbəd, bir neçə əlavə məbədlər, sövmə, təsərrüfat və yaşayış evləri kimi bir çox tikili və tikili qalıqları var. Kompleksin əsas dini hissəsi plan və kompozisiyası ilə fərqlənən, bir-birinə bitişik 7 hissədən ibarətdir. Monastır kompleksi qədim ana kilsə ilə yanaşı kiçik, birnerfli Müqəddəs Məryəm ana bazilikası, Arzu Xatun kilsəsi və Arzu Xatun kilsəsinə əlavə edilmiş zal, Həsən Cəlal kilsəsi, Müqəddəs Qriqoris kilsəsi, kilsənin zəng qülləsi, məktəb binası, qalereya kimi doqquz tikilidən ibarətdir. Tikililərin beşi əsas, digərləri köməkçi xarakterlidir.
Kompleksin ən qədim tikintisi ilk orta əsrlərin bir nefli bazilikasına aid edilən baş məbəddir. Dövrümüzə gəlib çıxanadək tarixi zaman içərisində bu məbədə bir neçə başqa tikililər əlavə edilmişdir. Müxtəlif dövrlərdə baş məbədin yanında düzbucaqlı formalı bir neçə məbəd və sövmələr inşa edilmişdir. Nəticəsində böyük bir dini kompleks yaranmışdır.Möhtəşəm divarlarla əhatə olunmuş ibadət kompleksləri hərbi münaqişə vaxtı nəinki kahinlərin, eləcə də ətraf kəndlərin sakinləri üçün sığınacaq yeri olurdu. Xudavəng məbədi alban yepiskopunun iqamətgahı, həm də mühüm mədəni-maarif mərkəzi olmuşdur. 1214-cü ildə inşa edilmiş Arzu xatun məbədi hündür günbəzi və möhtəşəm görünüşü ilə alban memarlığının ən qiymətli abidələrindəndir və məbəd kompleksində əsas yer tutur. Dam örtüyündə dördsütunlu zınqırovlu rotonda düzəldilmişdir. Məbədin iki barelyefi var. Şərq divarı fasadında, pəncərənin üstündə yarı boyuna qədər knyaz və müqəddəs bir adam, cənub
divarında isə iki knyaz əllərində məbədin modelini saxlayırlar. Birinci barelyefdə çox güman ki, Arzu xatunun həyat yoldaşı olaraq müqəddəs bir adam, ikincidə isə onların oğulları təsvir olunmuşdur. Arzu xatun məbədinin tikintisində daş üzərində yüksək sənətkarlıqla işlənmiş dekorativ bəzəklərdən istifadə edilib. Arzu xatun məbədinin girişinin portalı zəngin bədii üsulla naxış vurulmuş daşlarla hörülmüşdür. Bu naxışlı daşlar özləri ayrı-ayrılıqda bədii memarlıq abidələri sayılır. Məbəd tikintisinin istər konstruksiyasında, istərsə də dekorativ hissələrində iki və üç sütunlu çatma tağlardan istifadə olunmuşdur. Məbəd tağlar üstündə bərkidilmiş 16 guşəli dairə üçbucaqlı çətir formasında olan dam örtüyü ilə tamamlanır.Xudavəng monastır kompleksinin əsas binası Böyük Həsən kilsəsidir. XIII əsrdə günbəzli zalı olan İgid Həsən məbədi inşa edilib. Xüsusilə, Kəlbəcərin işğal altında olduğu 1992-2020-ci illər boyu Xudavəng məbədi ermənilərin təcavüzünə məruz qalıb. Ermənilər bu
illər ərzində Xudavəng monastırını Qarabağın digər alban monastırları kimi erməni monastır kompleksi olaraq dünyaya təqdim etmişlər. Erməni işğalı illərində Qarabağın bütün alban məbədlərində olduğu kimi Xudavəng monastırında da qanunsuz Monastr kompleksində vaxtilə mövcud olmuş zəngin ornamentli xonça və həyat ağacı təsvirli xaçdaşları Eçmiədzinə aparılmışdır.Kəlbəcər rayonunda bərpa işləri aparılıb. Bərpa adı ilə pərdələnən saxtalaşdırma işləri Erməni Apostol Kilsəsinin nəzarəti altında 1997-2011-ci illər boyu davam etdirilib. Monastırdakı çox sayda sənət əsərləri, knyaz Vaxtanqın, Arzu xatunun iki oğlunun təsvirləri həkk olunmuş freskalar, dini şəkillər və kitabələr işğal dövründə dağıdılaraq talan edilmişdir.
2020-ci ildə Azərbaycan Ordusunun 44 günlük zəfər yürüşü və Vətən torpaqlarını azad etməsi nəticəsində erməni işğalçıları Kəlbəcəri boşaltmağa məcbur oldular. Azərbaycan hökumətinin humanistliyi nəticəsində onlara köç üçün verilən zamandan sui-istifadə edən ermənilər bütün Kəlbəcəri minalamaqla yanaşı, bu möhtəşəm monastırı da talan etdilər. İşğal illərində monastıra yiyələnməyə çalışan erməni keşişləri Azərbaycan torpaqlarını tərk etmək məcburiyyətində qalanda Xudavəng və digər alban monastır və kilsələrindən bütün külsə avadanlığını, hətta Xudavəng məbədinin unikal freskalarını və kilsə zənglərini belə söküb özləri ilə Ermənistana aparmaqdan çəkinməmişlər.