Xızıda maarifləndirmə tədbiri keçirilib
08 avqust 2024, 07:33

Avqustun 8-də Xızıda  Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin və Xızı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Milli dövlətçiliyin möhkəmləndirilməsi: Azərbaycançılıq ideologiyasi və mənəvi dəyərlərimiz” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin yad edilməsi və dövlət himninin oxunması ilə başlanıb. Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Ulu Öndər və din siyasəti mövzusunda video çarx izləndikdən sonra Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Xızı rayon İcra Hakimiyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Abdulla Hüseyinov, Xızı Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Fidan Əliyeva çıxış edərək, Azərbaycanda dövlətçilik ənənələrinin qorunub saxlanılması və inkişafı prosesindən, Azərbaycançılıq ideyasının yaranma tarixindən, milli-mənəvi dəyərlərin dövlətçiliyin inkişafındakı rolundan və  əhəmiyyətindən danışıblar. Eyni zamanda müasir Azərbaycan dövlətinin banisi Ulu Öndər Heydər Əliyevin milli-mənəvi dəyərlərin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsində apardığı uğurlu siyasət qeyd edilib.

Tədbirdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin əməkdaşları, Yeni Azərbaycan Partiyasının Xızı Rayon Təşkilatının sədr müavini Ümman Rüstəmli, gənclər və din xadimləri iştirak ediblər.

Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.