Xızıda maarifləndirmə tədbiri keçirilib
03 iyun 2022, 09:13

İyunun 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Sumqayıt bölgəsi üzrə şöbəsi, Xızı Rayon İcra Hakimiyyəti (RİH) , rayon Polis Şöbəsi və rayon Gənclər və İdman İdarəsinin  birgə təşkilatçılığı ilə Xızı rayon Şorabad qəsəbə tam orta məktəbində “İnsan hüquq və azadlıqlarına hörmət hüquqi və mənəvi borcumuzdur” mövzusunda maarifləndirici tədbiri keçirilib.

Tədbirdə DQİDK-nın Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Abdulla Hüseynov, RİH-in əməkdaşı Fətulla Əliyev, rayon gənclər və idman idarəsinin rəis müavini Elyanar Hüseynov, rayon polis şöbəsinin əməkdaşı Elməddin Dərgahli, Xızı rayon Şorabad qəsəbə tam orta məktəbinin direktoru Xatirə Həşimzadə, müəllimlər və şagirdlər iştirak ediblər.

Görüş zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 18 iyun 2007-ci il tarixli Sərəncamı ilə iyunun 18-nin ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd olunduğu iştirakçıların nəzərinə çatdırılıb. Həmçinin insan hüquq və azadlıqlarının təmin edilməsinin dövlətin ali məqsədi kimi bəyan edən ilk Konstitusiyamızın Ümumilli Lider Heydər Əliyevin təşəbbüsü ilə qəbul olunduqdan sonra bu sahədə hüquqi bazanın yaradılmasının əsası qoyulduğu vurğulanıb.

Tədbirdə Azərbaycan Respublikasının insan hüquqları ilə bağlı beynəlxalq konvensiyalara qoşulduğu və ölkəmizdə dövlət tərəfindən insan hüquq və azadlıqlarının yüksək səviyyədə təmin edildiyi qeyd edilib. 

Sonda tədbir iştirakçılarının sualları cavablandırılıb.