İyunun 4-də Xızı Rayon Heydər Əliyev Mərkəzində “İnsan Hüquqları Aylığı” çərçivəsində “Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib.
Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdir müavini Ülkər Mövsümlü, Rayon İcra Hakimiyyəti başçısı Aparatının Ərazi-təşkilat məsələləri sektorunun müdiri Abdulla Hüseynov, regional bölmənin əməkdaşları, gənclər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda Azərbaycanda insan hüquqlarının təmin olunması istiqamətində həyata keçirilən dövlət siyasətindən, multikultural dəyərlərin qorunması və təşviqindən bəhs olunub. Bildirilib ki, müxtəlif din və millətlərin nümayəndələrinin qarşılıqlı hörmət və anlaşma şəraitində yaşaması Azərbaycanın multikulturalizm modelinin uğurlu nəticəsidir. Eyni zamanda, dini etiqad azadlığının təmin olunması, dini müxtəlifliyin qorunması və cəmiyyətdə tolerantlıq mühitinin möhkəmləndirilməsi istiqamətində görülən işlər diqqətə çatdırılıb. Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi aparıb, onları maraqlandıran suallar cavablandırılıb.