Xilaskar kilsəsi (XI-XIII əsr), Yayıcı kəndi
24 aprel 2016, 03:35

XII-XIII əsrlərə aid alban kilsəsinin movcud olduğu Yayıcı kəndinin adı 29 dekabr 1992-ci ilə qədər Qoçoqot olmuşdur. 1993-cü ildə Ermənistn Respublikası silahlı qüvvələri tərəfindən işğal edilmiş Yayıcı kəndi əvvəllər Ağdərə ərazisinə aid idi. 1992-ci ildə Ağdərə rayonunun ləğv edilməsindən sonra kənd Kəlbəcər rayonuna birləşdirilmişdir.

Kənddə iki kilsə mövcud olmuşdur. Kilsələrdən biri Tərtər çayının sağ sahilində yerləşirdi. Bu memarlıq abidəsinin qərb tərəfi sıldırım qayalarla, şimaldan isə meyvə ağacları ilə zəngin olan sıx meşə ilə əhatə edilmişdir. Mənbələrdə buradakı Məryəm ana kilsəsinin giriş portalının timpanındakı inşa kitabəsi haqda məlumat verilmişdir. Kitabədə kilsənin “…Həsənin oğlu Vaxtanqın hakimiyyəti dövründə...” inşa olunduğu yazılır. Kitabədə inşa tarixi qeyd edilməsə də, 1214-cü ildə vəfat etmiş Xaçın knyazı Vaxtanqın qeyd edilməsi abidənin inşa edildiyi dövrü təxmin etməyə imkan verir. Kilsə ərazisindəki qədim kitabələrdən məlum olur ki, o, daha erkən dövrə aid olan tikili üzərində inşa edilmişdir. Xilaskar kilsəsi XI əsrin sonlarında inşa edilmiş, XIII əsrdə isə burada yenidənqurma işləri aparılmışdır. Kilsənin divarındakı xaçdaşların birində Xaçın hökmdarı Həsənin oğlu Sərkisin adı qeyd olunmuşdur.

Kilsənin qapısına hörülmüş xaçdaşlardan birinin üzərindəki kitabədən kilsənin 1249-cu ildə Sərkis Aslan oğlu tərəfindən bərpa etdirildiyi məlum olur. Memarlıq quruluşuna görə kilsə, tərəfləri 5.2x4.2 metr olan xaçvari plana malikdir. Şərq apsidası istisna olmaqla xaçın qanadları daxildən yaxşı vurğulanmış düzbucaqlı konfiqurasiyaya malikdir. Onlar kəsişmə künclərində olan pilyastrlar üzərində ucaldılmış dörd tağ vasitəsiylə birləşdirilmişdir. Pilyastrlar həm də dörd pəncərə yeri olan günbəz barabanını saxlayır. Xaçın şərq, cənub və şimal qanadlarının yan divarlarında pəncərə yerləri vardır. Şimal və cənub qanadlarının divarlarında 4 niş vardır ki, onlardan da 2-si oval, 2-si isə kvadrat formalıdır. Divarlar daxildən əhəng məhlulu ilə suvanmışdır. Kilsənin döşəməsi yonularaq düzləşdirilmiş qayadan hazırlanmışdı.