Xəzər rayonunda “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın əhəmiyyəti" mövzusunda tədbir keçirilib
29 mart 2017, 08:51
Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin birgə təşkilatçılığı ilə Xəzər  rayon Gənclər evində “İslam həmrəyliyində məzhəblərarası tolerantlığın əhəmiyyəti" mövzusunda tədbir keçirilib.
DQİDK və Bakı Şəhər Gənclər  və İdman Baş İdarəsi tərəfindən birgə təsdiq olunmuş Tədbirlər Planına əsasən keçirilən tədbirdə Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov, şöbənin aparıcı məsləhətçisi Tural Vəlizadə, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov, Xəzər  rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev, Baş idarə və Xəzər  rayon Gənclər və İdman idarəsinin  əməkdaşları, rayonun fəal gəncləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin sektor müdiri Zamin Əhmədov mövzunun əhəmiyyətindən danışıb. O çıxışı zamanı  bildirib ki, ölkəmizdə heç zaman məzhəblərarası münaqişə baş verməyib. Z.Əhmədov vurğulayıb ki, respublikamız bir çox millətlərin və dini konfessiyaların dinc yanaşı yaşamasının unikal nümunəsidir.
Azərbaycandakı dövlət-din münasibətlərindən danışan DQİDK-nın Dini maarifləndirmə işinin təşkili şöbəsinin müdir müavini Ruslan Əsgərov qeyd edib ki, ölkəmizdə insanlar sərbəst şəkildə ibadətlərini və dini ayinlərini yerinə yetirirlər. Komitə rəsmisi onu da qeyd edib ki, Azərbaycanda tarixən heç vaxt milli və dini zəmində ayrı-seçkilik və qarşıdurma olmayıb. Natiq qeyd edib ki, ölkəmizdə qarşılıqlı etimada və hörmətə əsaslanan mütərəqqi milli mədəni və dini münasibətlər mövcuddur.
Daha sonra çıxış edən Dövlət Komitəsinin Dini maarifləndirmə işinin təşkili şöbəsinin əməkdaşı Tural Vəlizadə və Xəzər rayon Gənclər və İdman İdarəsinin rəisi Vüqar Əliyev Prezident İlham Əliyevin 2017-ci ili Azərbaycanda “İslam Həmrəyliyi İli” elan etməsini müsəlman dünyasında mühüm bir hadisə kimi qiymətləndiriblər.
Tədbirdə gəncləri maraqlandıran suallar cavablandırılıb.