Fevralin 18-də Xətai rayonu Rövşən Əliyev adına 254 nömrəli tam orta məktəbdə “Ailə dəyərlərinin formalaşması və təbliği” mövzusunda tədbir keçirilib.
Tədbirdə Xətai Rayon İcra Hakimiyyəti başçısı Aparatının şöbə müdiri Pənah İmanov, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Nuru İmanov və Elşən Quluzadə, Ədliyyə Nazirliyinin rayon Qeydiyyat şöbəsinin rəisi Leyla Süleymanova, Rayon Ağsaqqallar Şurasının sədri Mürvət Əsgərov, ictimaiyyət nümayəndələri, müəllim və şagirdlər iştirak ediblər.
Çıxış edənlər qeyd ediblər ki, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rola malikdir. Azərbaycan cəmiyyətində ailə institutu özünün sosial təyinatını və milli-mənəvi missiyasını daha tam və dolğun şəkildə qoruyub saxlayır. Vurğulanıb ki, hər bir xalqın, millətin mövcudluğu onun ana dilinə, adət-ənənələrinə, öz mədəniyyətinə və milli-mənəvi dəyərlərinə bağlılığından asılıdır. Azərbaycan xalqının ailə ənənələri sədaqət, qarşılıqlı məhəbbət, dürüstlük, böyüyə hörmət, kiçiyə mərhəmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlərə malikdir.