Xatırəvəng monastırı (XIII əsr), Qozlu kəndi
12 mart 2022, 03:56

Qarabağ silsiləsinin yamacında yerləşən Qozlu kəndi Yuxarı Xaçın ərazisinin mühüm məntəqələrindən olmuşdur. Qozlu kəndi orta əsrlərin Dvin-Bərdə ticarət yolu üzərində, mühüm ticarət yollarının kəsişməsində yerləşirdi. Kənd həmçinin Xaçın–Çiləbürd–Göyçə hövzəsini birləşdirən bölgə olmuşdur. Qozlu kəndi Xatırəvəng monastırı, Qırmızı monastır, Vaquas monastırı kimi alban memarlıq abidələri ilə zəngin olmuşdur.

Qozlu kəndi ərazisindəki Xatırəvəng monastır kompleksi Tərtər çayının sag sahilində yerləşir. Xudavəng monastırından cənub-şərqdə 2 km-lik məsafədədir. Xatırəvəng monastırının inşa tarixi XIII əsrə – Qarabağda Alban dövlətçilik ənənələrini davam etdirən Xaçın knyazlığının yüksəliş illərinə təsadüf edir.

İnşaat kitabəsində verilən məlumata görə, Xatırəvəng monastırının başkilsəsi 1204-cü ildə inşa edilmişdir. Kitabədən məlum olur ki, monastır ərazisi bağışlanan torpaq sahələri hesabına xeyli genişlənmişdir. Xatırəvəng monastırındakı 1215-ci ilə aid kitabədən məlum olur ki, kilsənin inşası knyaz Həsən Cəlalın qızı Minaxatunun övladları tərəfindən maliyyələşdirilmişdir. Monastırın yaxınlığındakı xaçdaşın üstündəki 1311-ci ilə aid kitabədə Xaçın nəslinin vəfat etmiş nümayəndələrinin adı yazılıb.

Burada Xaçın nəslindən olan əyanların adı yazılmış 1201-ci ilə aid daha bir necə xaçdaş var. Xatırəvəng monastır kompleksi köhnə və yeni kilsədən, sovmədən, zəng qülləsindən, rahiblərin yaşayışı üçün nəzərdə tutulmuş mülki tikililər və yarıdağılmış qala divarlarından ibarətdir. Qala divarlarındakı qüllə qalıqları yaxşı yonulmuş və cilalanmış marena rəngli daş plitələrlə üzlənmişdir.

Monastırın başkilsəsi memarlıq quruluşu baxımından Xaçın knyazlığı ərazisindəki orta əsr kilsələrinin nartekslərini xatırladır. Bu kilsə Cənubi Qafqazın xristian memarlığında analoqu olmayan unikal abidədir. Asimmetrik plana malik olan 4 sütunlu, günbəzli kilsənin həcminə düzbucaqlı altara və tağtavana malik iki birnefli sovmə də əlavə edilmişdir. Bu, yalnız Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan özünəməxsus memarlıq kompozisiyasıdır.

Alban Xaçın hakimliyinin yüksəlişi illərində bərpa edilən və erməniləşdirilən dağılmış və zədələnmiş erkən orta əsr kilsələrindən biri də Xatırəvəng monastırı idi. Bu dövrdə Xaçın knyazlığında Müqəddəs Yelisey monastırı, Kiçan monastırı, Ktişvəng monastırı kimi alban məbədlərinin baş kilsələri, böyük zal kilsələri, həmçinin kiçik kilsələr də inşa edilirdi.

Xatırəvəng monastırında kilsənin həcminə əlavə edilmiş düzbucaqlı altar apsidaları Qafqaz Albaniyası memarlığı üçün geniş yayılmış xarakterik xüsusiyyətlərdən biridir. Bu cür altarlara Müqəddəs Yelisey monastırında, Gtişvəng, Yeddi kilsə, Xudavəng monastırlarında da rast gəlinir. Erməni memarlığında heç bir monastır kompleksində düzbucaqlı altarlardan istifadə olunmur. Qafqaz Albaniyasının memarlığında isə inkişaf etmiş orta əsrlər dövründə düzbucaqlı altar apsidaları demək olar ki, yarımdairəvi apsidalarla paralel istifadə edilmiş və dini memarlıq üçün kanonik statusa malik olmuşdur. Kilsənin neflərinin nisbəti adi bazilikalardan fərqlənir. Əgər adi bazilikalarda orta nefin eni yan neflərdən 2–2.5 dəfə böyük olursa, Xatırəvəng kilsəsində bu ölçü nisbəti 0,8:1:0,7 kimidir. Yan neflər və mərkəzi nefin kəsikləri oxvari formaya malik tağlar üzərində inşa edilmiş tağtavanlarla örtülmüşdür.

Kilsənin günbəzi də özünəməxsus formaya malikdir. Belə ki, o, altar apsidası qarşısında yox, mərkəzi nefin orta kəsimində, məbədin qərb tərəfində yerləşir. Günbəzaltı tağları dəstəkləyən dörd sütun müxtəlif biçimə (düzbucaqlı, səkkizguşəli və xaçvari) malikdir, yaxşı cilalanmış və oyma naxışlarla bəzədilmişdir. Günbəzin əsas özəlliyi, barabanın olmaması və birbaşa səkkizguşəli təməl üzərində dayanmasıdır. Xatırəvəng kilsəsinin memarlıq quruluşu kompleksə daxil olan tikililərin eyni vaxta aid olmadığını göstərir. Kilsəyə sonradan əlavə edilmiş birnefli sovməələrin kilsə binasının inşa edildiyi dövrdən daha əvvəlki dövrə aid olduğu və bu qədim tikililərin saxlanılması üçün onların kilsənin əsas həcminə daxil olunduğu ehtimal edilir. Göründüyü kimi, Xatırəvəng məbədi də Xudavəng, Əyrivəng, Vaquas, Qırmızı monastır və digər erkən orta əsr alban kilsələri kimi IX əsrdən etiabrən Ərəb xilafətinin zəifləməsilə bərpa edilmiş və genişləndirilmişdir. Əsas kilsəyə müxtəlif formalarla yan otaqlar əlavə edilməsi yalnız Qafqaz Albaniyası memarlığı üçün xarakterik olan özünəməxsus memarlıq kompozisiyasidır.

Dövrünun bir çox monastır kilsələri kimi, Xatırəvəng kilsəsinin başkilsəsi də, xüsusi fasad dekorlarına malik deyildir. Pəncərə yerlərinin kənarları xüsusi vurğulanmış, karnizlər zərif işlənmiş, divar hörgüsündə xaçdaşlar və epirafikalı daşlardan istifadə olunmuşdur. Zəng qülləsindən şimal-qərbdə düzbucaqlı plana və tağtavana malik yeməkxana binası yerləşir. Şərqdən qərbə doğru uzanan və dövrümüzə yaxşı vəziyyətdə çatmış bu tikili kompleksin memarlıq kompozisiyasında mühüm rol oynayır.

Yeməkxananın divar və tağlarının tikintisində alban inşaat texnikası üçün səciyyəvi olan kobud yonulmuş daşlar və əhəng məhlulundan istifadə edilmişdir. Yeməkxana binası iki zaldan ibarətdir. Böyük zalın içində buxarı, divarlarında isə nişlər və pəncərə yerləri vardır. İkinci zalın divarlarında yalnız iki niş vardır. Kompleksin şimal-şərq hissəsində iki zaldan ibarət olan tikili vardır. Birinci zal, regionun yaşayış tikililəri üçün ənənəvi olan memarlıq xüsusiyyətlərini özündə daşımaqla, tağtavan örtüyə malikdir.Xatırəvəng məbədi Qarabağın və Şərqi Zəngəzurun digər alban abidələri kimi 1992-2020-ci illər boyu bu torpaqları qanunsuz zəbt etmiş ermənilər tərəfindən vandalizm aktlarına məruz qalmışdır.