Xaçmazda “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festival keçiriləcək
23 iyun 2016, 06:37
İyunun 24-də Xaçmazda təşkil olunacaq beynəlxalq festival çərçivəsində İstanbul Böyük şəhər Bələdiyyəsinin mədəniyyət dərnəyi ilə Xaçmaz rayon Mədəniyyət Mərkəzi arasında Əməkdaşlıq Memorandumu imzalanacaq. Azərbaycanın 40-a yaxın rayon və şəhərində yaşayan milli azlıqların mədəniyyətinin tərənnüm olunacağı festivalda xarici qonaqların eləcə də ölkəmizdə akkreditə olunmuş səfirliklərin nümayəndələrinin iştirakı nəzərdə tutulub. Mədəniyyət və Turizm Nazirliyinin Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzi və Xaçmaz Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Multikultural dəyərləri yaşadaq” adlı beynəlxalq festivalın bundan sonra hər il ənənəvi olaraq keçirilməsi planlaşdırılır.
Bu barədə müsahibəsində Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki Mərkəzin direktoru Asif Usubəliyev məlumat verib. “Multikulturalizm ili” çərçivəsində “Multikulturalizmin alternativi yoxdur” şüarı altında Xaçmazda təşkil olunacaq festivalın məqsədi Azərbaycanda tarixən mövcud olan multikultural dəyərlərin qorunması, yaşadılması və təbliğidir. Festival çərçivəsində multikultural dəyərləri tərənnüm edən müxtəlif səpkili tədbirlər təşkil olunacaq.
Asif Usubəliyev bildirib ki, festival zamanı ölkəmizdə yaşayan milli azlıqların folklor musiqisindən ibarət “Bizim vətənimiz Azərbaycandır” konsert proqramı təqdim olunacaq, milli idman növləri nümayiş etdiriləcək. Bununla yanaşı, festival iştirakçıları ölkəmizdə yaşayan milli azlıqların mədəniyyətini tərənnüm edən tətbiqi sənət əsərləri, kulinariya, folklor, musiqi, xalçaçılıq, dulusçuluq sənətinin və digər sənət əsərlərinin nümunələrindən ibarət sərgini izləmək imkanı qazanacaqlar. Həmçinin uşaq musiqi və incəsənət məktəbləri şagirdlərinin iştirakı ilə yerli və xarici ölkələrin bəstəkarlarına məxsus klassik musiqidən ibarət konsertin, “Azərbaycan – dünya multikulturalizminin ünvanlarından biridir” adlı rəsm sərgisinin təşkili də nəzərdə tutulub.
Festival zamanı “Gənc mədəniyyət işçilərinin kreativ koordinasiya qrupu”nun üzvləri və Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin nümayəndələrinin birgə iştirakı ilə “Multikulturalizmin alternativi yoxdur” adlı elmi-praktiki konfrans da keçiriləcək.