Varazqun Laçın rayonunun Laçın-Minkənd yolunda, yüksək dağlıq ərazidə yerləşən qədim alban məbədidir. Məbədin ilk adının Varazxan olduğu da ehtimal olunur. Tikili Bozlu və Quşçu kəndləri yaxınlığında Vazarxan adlanan kəndin xarabalıqlarında yerləşir. Tarixi abidələrlə zəngin qədim Varazxan kəndi xarabalıqlarında alban memarlığına xas silindrik formalı qədim qüllə qalıqları, mağaralar və daş fiqurlar kimi tarix-mədəniyyət və memarlıq nümunələri mövcuddur.
Varazqun məbədi erkən xrristianlıq dövrünə aiddir. Məbəd əsrlərin sərt sınaqlarına tab gətirərək, öz əzəmətini dövrümüzə qədər qoruyub saxlamışdır. IV-V əsrlərə aid edilən tikilinin dövrümüzə qalıqları gəlib çatıb. Yüksək dağlıq sahədə inşa edilən məbədin ərazisində VII əsrə aid qədim alban qəbiristanlığının qalıqları mövcud olmuşdur.
Tikilinin və kəndin Alban hökmdarları Varaz Qriqor və ya Varaz Tridatın yay iqamətgahı olduğunu ehtimal edir. Varazbun adını da "Varazın yurdu, məskəni" kimi izah edilir. Qeyd etmək yerinə düşər ki, «Qədim türk lüğəti»ndə bun sözünun «əsas, özül, təməl, bünövrə» mənaları qeyd olunmuşdur.
Məbəd dördkünc planda və yüksək dağlıq ərazidə inşa edilib. Məbədin günbəzi və cənub divarı dağılıb. Unikal, özünəməxsus memarlıq abidəsi olan bu məbəddə iki altar apsida günbəzlə kəsişir. Qeyd etmək lazımdır ki, ikiqat altarlara malik fraqmentlərə Varazbun məbədindən başqa heç yerdə rast gəlinmir. Bu unikal məbədin tikintisində pud daşlardan və əhəngdən istifadə edilmişdir. İki otaqdan ibarət olan bu məbədin üstü bir günbəzlə örtülmüşdür. Abidənin bir neçə dəfə, X-XII əsrlərdə və XVI-XVII əsrlərdə bərpa edildiyi ehtimal olunur. Maraqlı memarlıq quruluşu və konstruksiyaya malik abidə silindrik formada inşa edilmişdir. İnşa zamanı günbəzə birləşən ikiqat plyastrlar şərq və qərb tərəfə axıra qədər uzanaraq təbii bir gözəllik yaradır. Məbədin xaricdən ölçüsü 10,55 x 10,00 metr, hündürlüyü 9,60 metr, divarının eni isə 0,95 metrdir. Bu qədim alban məbədi 30 illik işğal dövründə erməniləşdirilməyə məruz qalmış abidələrdəndir. Xüsusilə, 1995-2000-ci illər boyu ermənilər bu abidənin ətrafına xeyli sayda yeni yonulmuş erməni xaçdaşları gətirmişlər. Ermənistan hökuməti 2006-cı ildən bu abidəyə qanunsuz olaraq erməni kilsəsi statusu verib.