“Uşaq Hüquqları Aylığı” çərçivəsində Masallıda tədbir keçirilib
29 oktyabr 2026, 12:11

Oktyabrın 27-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Lənkəran-Astara regional bölməsi və İnsan Hüquqları üzrə Müvəkkilin (Ombudsman) Cənub Regional Mərkəzinin birgə təşkilatçılığı ilə Masallı rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq tərbiyəsi milli-mənəvi dəyərlər kontekstində” mövzusunda tədbir keçirilib. Tədbirdə DQİDK-nın Lənkəran-Astara regional bölməsinin müdir müavini Pərvin İmanov, Ombudsmanın Cənub Regional Mərkəzinin rəhbəri Ziya İsmayılov və tələbələr iştirak ediblər.
Çıxışlar zamanı uşaq hüquqlarının müdafiəsi, onların fiziki, mənəvi və psixoloji cəhətdən sağlam böyüməsində milli-mənəvi dəyərlərin rolu xüsusi vurğulanıb. Qeyd olunub ki, gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə edilməsi, milli zəmində formalaşması onları zərərli vərdişlərdən və radikal təsirlərdən qoruyan ən mühüm amildir.
Sonda mövzu ətrafında müzakirələr aparılıb və tələbələri maraqlandıran suallar cavablandırılıb.