“Uşaq Hüquqları Aylığı” çərçivəsində Lerikdə tədbir keçirilib
23 noyabr 2026, 10:19

Noyabrın 19-da Lerik rayonunda “Uşaq Hüquqları Aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda tədbir keçirilib. Rayonunun Günəşli kənd tam orta məktəbində baş tutan tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Lənkəran-Astara regional bölməsinin əməkdaşı Səyad Babakişiyev, Lerik Rayon İcra Hakimiyyəti başçısı Aparatının böyük məsləhətçisi – Uşaq hüquqlarının müdafiəsi üzrə komissiyanın məsul katibi Ramin Ağayev, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda bildirilib ki, uşaqların hüquq və azadlıqlarının təmin edilməsi, onların sağlam mühitdə böyüməsi və hərtərəfli inkişafı üçün ölkəmizdə bütün zəruri şərait yaradılıb. Eyni zamanda, yeniyetmə və gənclərin dini ekstremizm və radikalizmin zərərli təsirlərindən qorunmasının vacibliyi diqqətə çatdırılıb, bu prosesdə valideynlərin, pedaqoji kollektivlərin və ictimaiyyətin birgə fəaliyyətinin əhəmiyyəti qeyd olunub. Sonda mövzu ətrafında fikir mübadiləsi aparılıb və şagirdləri maraqlandıran suallar cavablandırılıb.