Noyabrın 11-də Ağsu şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Dağlıq Şirvan regional bölməsi və Dağlıq Şirvan Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Uşaq hüquqları aylığı” çərçivəsində “Uşaq hüquqlarının müdafiəsi və mənəvi məsuliyyət” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Seyran Dəmirov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda uşaq hüquqlarının qorunmasının əhəmiyyəti, onların cəmiyyətin layiqli üzvü kimi formalaşmasında ailənin, məktəbin və cəmiyyətin rolu barədə ətraflı məlumat verilib. Bildirilib ki, hər bir uşağın təhsil almaq, sağlam və təhlükəsiz mühitdə yaşamaq, müdafiə olunmaq, fikir və düşüncələrini sərbəst ifadə etmək hüququ vardır. Eyni zamanda, uşaqların mənəvi dəyərlərə hörmət ruhunda tərbiyə olunmasının, milli-mənəvi dəyərlərin qorunmasının və qarşılıqlı məsuliyyət hissinin aşılanmasının vacibliyi vurğulanıb.
Şagirdləri maraqlandıran suallar cavablandırılıb, mövzu ətrafında fikir mübadiləsi aparılıb.