Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bölgələrdə silsilə tədbirlər keçirilir.
May ayının 5-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Zaqatala bölgəsi üzrə şöbənin təşkilatçılığı ilə Qax rayonu Tasmalı kənd tam orta məktəbində “Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət-din münasibətləri: Dövlətimizin din siyasəti - Azərbaycançılıq idealogiyası” mövzusunda seminar keçirilib. Tədbirdə DQİDK-nın Zaqatala bölgəsi üzrə şöbəsinin əməkdaşı Tərlan Nəzərov, Qax rayon Gənclər və İdman İdarəsinin rəis müavini Elvin Həsilov, Qax rayon Tasmalı kənd tam orta məktəbinin direktoru Aytəkin Musayeva, müəllim və şagirdlər iştirak ediblər.
Daha bir tədbir Ucar şəhər 5 saylı tam orta məktəbində baş tutub. Qeyd olunan tədbirdə DQİDK-nın Göyçay bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Gənclər və İdman İdarəsinin rəis müavini Mirmehdi Heydərov, Veteranlar Şurasının sədri Niyaz Xəlilov, məktəbin müəllim və şagird kollektivi iştirak ediblər.
Çıxışlarda Ümummilli Liderimizin şərəfli həyat və fəaliyyətinə nəzər salınıb. Vurğulanıb ki, Ulu Öndər Azərbaycan xalqının kimliyinin, məfkurəsinin formalaşmasında müstəsna rol oynayıb. O da bildirilib ki, Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə hakimiyyətə qayıdışından sonra azərbaycançılıq ideologiyasının meydana gəlməsi xalqımızı zərərli tendensiyalardan qorudu.