İyunun 4-də “İnsan hüquqları aylığı” çərçivəsində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Göyçay regional bölməsi tərəfindən Ucar və Zərdab rayonlarında maarifləndirici tədbirlər təşkil olunub.
Ucar şəhər Nizami Gəncəvi adına 3 saylı tam orta məktəbdə keçirilən “Dini etiqad azadlığının hüquqi əsasları” adlı tədbir Ucar Rayon İcra Hakimiyyəti ilə birgə təşkil edilib. Tədbirdə DQİDK-nin Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, Ucar RİH-in İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Şükür Məmmədov, Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin Ucar sektorunun baş məsləhətçisi Mirmehdi Heydərov, eləcə də məktəbin müəllim və şagirdləri iştirak ediblər.
Eyni gün Zərdab rayon Mədəniyyət Mərkəzində “Dini dözümlülük və insan hüquqları” mövzusunda tədbir keçirilib. DQİDK-nin Göyçay regional bölməsi və Zərdab Rayon Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutan tədbirdə Komitənin əməkdaşı Sədi Hüseynov, Mədəniyyət Mərkəzinin direktoru Elyurə Məmmədova, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
Hər iki tədbirdə çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 18 iyunun ölkəmizdə “İnsan Hüquqları Günü” kimi qeyd edildiyini və hər il bu münasibətlə Ombudsmanın təşəbbüsü ilə “İnsan Hüquqları Aylığı” çərçivəsində müxtəlif maarifləndirici tədbirlərin keçirildiyini vurğulayıblar. Tədbir zamanı dini etiqad azadlığının hüquqi əsasları, dini dözümlülük və bu sahədə mövcud qanunvericilik barədə ətraflı məlumat verilib. Bildirilib ki, insan hüquq və azadlıqlarının təmin olunması dövlətin ali məqsədi kimi Konstitusiyada təsbit olunub və bu sahədə hüquqi bazanın formalaşdırılması Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb. Azərbaycan Respublikasının beynəlxalq insan hüquqları sazişlərinə qoşulması və bu istiqamətdə hüquqi mexanizmlərin təkmilləşdirilməsi ölkəmizdə insan hüquqlarına verilən önəmin bariz nümunəsidir.
Tədbirlərin sonunda iştirakçıların sualları cavablandırılıb.