Ucarda “Şuşa bizim milli rəmzimizdir” mövzusunda tədbir keçirilib
29 aprel 2022, 02:51

Aprelin 28-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar  bölgəsi üzrə şöbəsi, Ucar rayon Gənclər və İdman İdarəsi və Ucar rayon Gənclər Evi Sosial-Xidmət müəssisəsinin birgə təşkilatçılığı ilə “Şuşa ili” ilə əlaqədar “Şuşa bizim milli rəmzimizdir” mövzusunda tədbir keçirilib.

Tədbirdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin müdiri Əzim Rəfiyev, Ucar rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Nuru Piriyev, din xadimləri, dini icma sədrləri, təşkilatçı qurumların nümayəndələri, mədəniyyət sahəsinin işçiləri, müəllimlər və şagirdlər iştirak ediblər.

Tədbirdə əvvəlcə ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş qəhrəman Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlar zamanı Şuşa şəhərinin zəngin tarixindən, mədəni irsindən, işğal dövründə məruz qaldığı dağıntılardan söz açılıb. Qeyd edilib ki,  tədbirin keçirilməsində əsas məqsəd milli-mənəvi dəyərlərimizi özündə yaşadan, tarixi əhəmiyyəti ilə xalqımız üçün müstəsna dəyərə malik olan Qarabağın, o cümlədən Şuşanın zəngin mədəniyyətini, tarixini tanıtmaq, təbliğ etmək, yetişməkdə olan gənc nəslə çatdırmaqdır.

Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sifarişi ilə çəkilmiş “Şuşa – mənəviyyat incisi” filmi nümayiş olunub.