Ucarda "Narkomaniya və zərərli vərdişlər" mövzusunda tədbirlər keçirilib
27 dekabr 2021, 07:48
Dekabrın 24-də Ucarda "Narkomaniya və zərərli vərdişlər" mövzusunda tədbirlər keçirilib.
Ucar Rayon İcra Hakimiyyəti (RİH), Rayon Polis Şöbəsi (RPŞ), Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin (SHXÇDX) rayon şöbəsi və rayon Təhsil şöbəsinin (TŞ) birgə təşkilatçılığı ilə 1 saylı texniki peşə liseyi və 5 saylı tam orta məktəbində pandemiya ilə əlaqədar olaraq zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş tədbirlərdə Ucar RİH başçısının müavini Şahla Abdullayeva, rayon Polis Şöbəsinin rəisi Valik Vəlimətov, DQİDK -nin Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, SHXÇDX-nin Ucar şöbəsinin rəisi Ceyhun Əliyev, Ucar rayon TŞ-nin müdiri Rauf Məmmədov, müəllimlər, valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlar zamanı tədbir iştirakçılarına narkomaniya və onun fəsadları ilə bağlı geniş məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Eyni zamanda narkomaniya ilə mübarizə istiqamətində həyata keçirilən maarifləndirmə işləri, bu sahədə qəbul olunan dövlət proqramları, sağlam həyat tərzinin vacibliyi haqqında geniş məlumatlar verilib.
Sonda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.