Ucarda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusu müzakirə olunub
24 yanvar 2025, 09:05

Yanvarın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi, Ucar rayonu Polis şöbəsi (RPŞ) və Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir təşkil olunub.
Pirkənd kənd tam orta məktəbində baş tutan tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin aparıcı məsləhətçisi Rauf Nəsirov, müvafiq qurumların nümayəndələri, şagird və müəllimlər iştirak ediblər.

Çıxışlar zamanı məktəblilərin dünyagörüşünə, mənəvi inkişafına mənfi təsir göstərən amillərin, dini radikalizm, erkən nikah və narkomaniyanın gənclərimizin gələcəyi üçün real təhlükə yarada biləcəyi vurğulanıb, milli vətənpərvərlik ruhu aşılayan mənəvi dəyərlərimizin məktəblilərin formalaşmasındakı önəmindən bəhs edilib. Məktəblilərin bəşəri dəyərlərə hörmətlə yanaşması, mənəviyyatlı, dünyagörüşlü, vətənpərvər gənclər olaraq yetişməsində ailənin, məktəbin və ictimaiyyətin danılmaz rolu olduğu qeyd edilib.