Ucarda maarifləndirmə tədbirləri keçirilib
04 mart 2022, 09:12
Martın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Ucar bölgəsi üzrə şöbəsi, Ucar rayon İcra Hakimiyyəti (RİH), Ucar rayon Polis şöbəsi (RPŞ) və Ucar rayon Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə  "Zərərli vərdişlər və narkomaniya" mövzusunda tədbir keçirilib.
Ucar şəhər 3  və 6 saylı tam orta məktəblərində  pandemiya ilə əlaqədar olaraq zəruri qaydalara əməl olunmaqla təşkil olunmuş  tədbirlərdə DQİDK-nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar RPŞ-nin rəisi Valik Vəlimətov, Ucar RİH-in Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyasının məsul katibi Şükür Məmmədov, müəllimlər,  valideynlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışlarda narkomaniya və onun fəsadları ilə bağlı ətraflı məlumat verilib, “ağ ölüm”ün ailə və cəmiyyət üçün yaratdığı ciddi problemlər diqqətə çatdırılıb. Bu kimi problemlərin cəmiyyətin mənəvi və əxlaqi dəyərlərini sarsıtdığı qeyd edilib. Həmçinin gənclərə sağlam həyat tərzinin mənəvi saflıq və fiziki sağlamlıq üçün yeganə yol olduğu bildirilib, yeniyetmə və gənclər “Narkomaniyaya yox!” deməyə çağırılıb. 
Tədbirin sonunda məktəblilərin sualları cavablandırılıb, onların fikirləri dinlənilib.