Ucarda “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib
24 fevral 2017, 10:42
Ucarda Dini Qurumlarla İş  üzrə Dövlət Komitəsi (DQİDK)  və rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə “İslam həmrəyliyi: müasir çağırışlar və dini maarifləndirmə” mövzusunda konfrans keçirilib.
Fevralın 24-də Heydər Əliyev Mərkəzində təşkil edilən konfransda rayon icra hakimiyyətinin rəhbərliyi, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndələri, yerli hüquq-mühafizə orqanlarının rəhbərləri, YAP rayon təşkilatının aktivləri, dini icma sədrləri, din xadimləri, ilahiyyatçılar,  habelə  ictimaiyyət fəalları iştirak ediblər.
İlk öncə  DQİDK-nın sifarişi ilə çəkilmiş “Fitnə” filmi nümayiş etdirilib.
Konfransı giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı  Mənsur Məmmədov  bildirib ki, Ulu Öndər Heydər Əliyevin uzaqgörənliklə əsasını qoyduğu və bu gün möhtərəm Prezident cənab İlham Əliyevin davam və inkişaf etdirdiyi dövlət-din münasibətləri sağlam prinsiplər üzərində qurulub. Ölkəmizdə ənənə halı almış tolerantlıq və multukultural mühit bütün dünyada ən müasir və mütərəqqi cəmiyyət modeli kimi qəbul edilir. Mənsur Məmmədov qeyd edib ki, ölkəmizdə “İslam Həmrəyliyi İli”nin elan olunması həm İslam aləmi daxilində, həm də dünyada müxtəlif sivilizasiyalar arasında həmrəyliyə töhfə verməkdir.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı  respublikamızda  dövlət-din münasibətlərinin daha yüksək səviyyədə  tənzimlənməsi,  dini maarifləndirmə işinin  təşkili və həyata  keçirilməsi, həmçinin dini  icmaların  cəmiyyətdə radikalizm  meyillərinin qarşısının alınması  və sosial  problemlərinin həlli prosesinə  cəlb olunması sahəsində dövlətin həyata keçirdiyi tədbirləri konfrans iştirakçılarının nəzərinə çatdırıb.
Komitə sədri vurğulayıb ki, tolerant və multikultural ənənələrə hər zaman sadiq olan Azərbaycan İslam dünyasında böyük nüfuza malikdir. İslam dünyasında baş verən  təxribatlar şəraitində  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2017-ci ilin “İslam Həmrəyliyi İli”  elan edilməsi zamanın çağırışı ilə uzlaşan çox əhəmiyyətli, son dərəcə mühüm bir təşəbbüsdür.
Cənab Prezidentin 2017-ci ili ölkəmizdə “İslam həmrəyliyi ili” elan etməsi yalnız İslam daxilindəki dini məzhəb həmrəyliyi məsələsini qarşıya qoymur. Burada başqa vəzifələr, bütünlükdə müsəlman ölkələri üçün qlobal əhəmiyyət kəsb edən məsələlər var. Dini dözümsüzlüyün, irqi ayrı-seçkiliyin bütün dünyada geniş yayıldığı bir dövrdə belə bir təşəbbüsün irəli sürülməsi yalnız din amilini deyil, eyni zamanda, müsəlman ölkələrinin istər siyasi-iqtisadi, istərsə də mədəni sahədə bir-birinə dəstək olması, həmrəy olması məsələsini özündə əks etdirir və onlar arasında nifaq salmaq istəyənlərə bir cavabdır.
Mübariz Qurbanlı  yad təsirlərin Azərbaycandan da yan keçmədiyinə diqqəti cəlb edərək  dini maarifləndirmənin zəruri olduğunu qeyd edib. Bu gün Azərbaycan gəncinin vətəninə, xalqına, İslama sədaqət ruhunda tərbiyəsinin, eyni zamanda xurafata, dini radikalizmə qarşı mübarizənin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Dövlət Komitəsinin sədri bu günlərdə bütün ölkə ərazisində Xocalı soyqırımının anım tədbirlərinin keçirildiyini diqqətə çatdırıb. Qeyd edib ki, soyqırımı cinayətini törədənlər insanlıq əleyhinə cinayət törədənlər siyahısındadır. Dünyanın onlarla ölkələrinin parlamentləri Xocalını soyqırımını soyqırımı kimi tanıyıb. Bu istiqamətdə Heydər Əliyev Fondunun həyata keçirdiyi “Xocalıya ədalət” kampaniyası çərçivəsində Xocalı soyqırımının dünyada tanıdılması üçün kitablar, filmlər hazırlanaraq dünya ictimaiyyətinin diqqətinə çatdırılır.
Konfransda İslam dininin maddi və qeyri-maddi irsimizin formalaşmasındakı rolu, dünyada həmrəyliyin təmin olunmasındakı əhəmiyyəti, ölkəmizin birgəyaşayış siyasətinin daha dərindən mənimsənilməsi, milli-mənəvi dəyərlərin qorunub-saxlanılması və təşviqi, eləcə də bu sahələrdə qarşıda duran vəzifələrlə bağlı  müzakirələr aparılıb.