İyunun 10-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK ) Ucar bölgəsi üzrə şöbəsi və Qaradağlı kənd məscidi dini icmasının birgə təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsiri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbirdə DQİDK -nın Ucar bölgəsi üzrə şöbəsinin əməkdaşı Rauf Nəsirov, Ucar rayonu Qaradağlı kənd məscidi dini icmasının sədri Vüsal Azayev, dini icma üzvləri və din xadimləri iştirak ediblər.
Çıxışlar zamanı Azərbaycanda mövcud olan tolerantlıq və multikultural şəraitdən danışılıb. Ölkəmizdə müxtəlif dinlərin, məzhəblərin və xalqların nümayəndələrinin sülh və qarşılıqlı hörmət şəraitində yaşadıqları qeyd edilib. Çıxışlarda, həmçinin məzhəbçilik və dini təəssübkeşlik meyillərinin multikultural cəmiyyət üçün yad olduğu bildirilib.
Tədbirin sonunda mövzu ilə bağlı suallar cavablandırılıb.