Bölgələrdə "Sülh aylığı" çərçivəsində maarifləndirmə tədbirləri keçirilib.
Sentyabrın 18-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Göyçay regional bölməsi ilə Mərkəzi Aran Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Ucar şəhər Gənclər Evində “Dinlər sülhə və qarşılıqlı anlayışa çağırır” mövzusunda tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Göyçay regional bölməsinin əməkdaşı Rauf Nəsirov, müəllimlər və məktəblilər şagirdləri iştirak ediblər.
Daha bir tədbir sentyabrın 17-də Dövlət Komitəsinin Mil-Muğan regional bölməsi, Regional Gənclər və İdman İdarəsi, İmişli rayon Heydər Əliyev Mərkəzi, Regional Mədəniyyət İdarəsi və İmişli rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin birgə təşkilatçılığı ilə İmişlidə baş tutub. Tədbirdə DQİDK-nın Mil-Muğan regional bölməsinin məsləhətçisi Bəhrəm Abbaslı, təşkilatçı qurumların əməkdaşları, din xadimləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxış edənlər dinlərin insanları sülhə, qarşılıqlı anlayışa və hörmətə çağıran ali dəyərlər olduğunu vurğulayıblar. Bildirilib ki, müxtəlif dini konfessiyaların nümayəndələri arasında dialoq və əməkdaşlıq cəmiyyətimizin inkişafında, əmin-amanlığın qorunmasında və milli həmrəyliyin möhkəmlənməsində vacib rol oynayır. Diqqətə çatdırılıb ki, Azərbaycanda müxtəlif dinlərin nümayəndələri əsrlər boyu mehribanlıq və qarşılıqlı hörmətlə birgə yaşamış, bu ənənə ölkəmizin ictimai-siyasi həyatında xüsusi əhəmiyyətə malikdir. Natiqlər çıxışlarında belə tədbirlərin gənclərin dünyagörüşünü genişləndirdiyini, onlarda sülh, sevgi və anlayış kimi əsas insani dəyərlərin formalaşmasına kömək etdiyini qeyd ediblər.