Üç körpə monastrı (XVII əsr), Təpəkənd
21 may 2022, 04:59

Üç körpə monastırı Tərtər rayonunun işğal dövründə ermənilər tərəfindən Tonaşen adlandırılan Təpəkənd kəndi ərazisində yerləşir. Bu kəndin əhalisinin Çiləbürd mahalından olduğu yazılır. Bu tarixi-memarlıq abidəsi Murovdağ yaxınlığında Çiləbürd qalasının 7 kilometrliyində meşəlik ərazidə yerləşir. Qarabağda son orta əsrlərdə tikilmiş monastırlardan olan bu abidə 1691 ci ildə Çiləbürd mahalında inşa edilmişdir. Məbədin fasadındakı kitabədə bu kilsənin əsasının İsa Məsihin şərəfinə 1664-cü ildə qoyulmasından bəhs edilir. Kilsənin girişində isə monastırın Sultan Süleyman dövründə 1691-ci ildə alban katolikosu Simeon tərəfindən inşa edildiyi barədə məlumat verən kitabə olmuşdur. Monastır ərazisində mövcud olmuş inşa kitabəsindən Üç körpə monastırının başkilsəsinin tarixdə Sam Mirzə, II Şah Səfi, Süleyman (1666-1694) adları ilə tanınan Səfəvi şahının himayəsi

ilə tikildiyi məlum olur. Kilsənin kitabəsindən məlum olur ki, 1691-ci ildə inşasına başlanılıb və 1694-cü ildə bitmişdir. İnşaat kitabəsindən kilsənin Alban Həvari kilsəsinin katolikosu VI  Simeonla yanaşı onun qardaşı, arximandrit İqnatios və ziyarətçilərin də maddi dəstəyi ilə inşa edildiyi məlum olur. Üç körpə monastırının divarlarında 1571, 1620, 1745-ci illərə aid xaçdaşları olmuşdur. Yazılı kitabədən onlardan birinin Məlik Şahnəzərin xanımı tərəfindən ucaldıldığı məlum olur. Monastır ərazisində müxtəlif dövrlərə aid bədii təsvirli alban xaçdaşları da olub.

Planda düzbucaqlı formaya malik olan əsas kilsə binası assimmetrik konstruksiyaya malik üç nefli günbəzli bazilikadır. Yarımdaşıyıcı tağlar vasitəsiylə saxlanan günbəz dörd zərif sütun üzərində dayanır. Portal timpanının bütün səthi incə naxışlarla işlənmişdir. 13.5x9.5 metr ölçülərinə malik olan ibadət zalı geniş və işıqlıdır. Zalın şərq tərəfində altar-apsida, apsidanın hər iki tərəfində isə düzbucaqlı plana malik iki mərtəbəli köməkçi otaqlar yerləşir. Ktişvəng monastırının baş kilsəsinin iki mərtəbəli köməkçi otaqlarında olduğu kimi, ikinci mərtəbədəki otaqların qapıları apsidaya açılır və oradan pilləkənlər ikinci mərtəbədəki otaqlara aparır. Yarımdairəvi altarın yan divarlarında yeddi niş vardır. İbadət zalının şimal tərəfində, altarın yaxınlığında vəftiz piyaləsinin yeri qalmışdır. Kilsənin orijinal qapısı, günbəzin qalpaq formalı yuxarı hissəsi və yonulmuş daşlardan hazırlanmış döşəmə örtüyü də ilkin görünüşündə dövrümüzə çatmışdır. Cənub pilonu üzərindəki kitabədən məlum olur ki, zalın pilonları ilkin xaçvari formada olmuşdur. XVIII əsrdə isə növbəti bərpa zamanı iki şərq pilonunu möhkəmləndirmək üçün onlar kvadrat formaya salınmışdır.

Monastırın başkilsəsinin günbəzi ənənəvi olaraq ibadət zalının mərkəzində deyil,qərb tərəfində yerləşir. Assimmetriya yalnız günbəz konstruksiyasında deyil, həm də şimal və cənub divarlarında yerləşdirilmiş pəncərələrdə, həmçinin dekor elementlərində də müşahidə olunur. Kilsənin yeganə qapısı cənub divarında yerləşir.

Kompleksin inşa texnikasında günbəz və fasadın yuxarı hissələri yaxşı yonulmuş sarımtıl ağ daşlardan, digər divarlar isə adi bozumtul-mavi daşlardan hörülmüşdür. Monastırın mülki tikililəri, o cümlədən rahib hücrələrinin dizayn-memarlıq xüsusiyyətləri Kəlbəcərin Kolatag kəndi ərazisindəki Böyük Aran monastırını xatırlatsa da, daha geniş ərazi və böyük ölçülərə malikdir. Rahib hücrələrinin hər birinin buxarısı və pəncərələri var. Kilsə son orta əsrlərdə Erməni Qriqoryan kilsəsinin təzyiqinə qarşı Alban kilsəsinin avtokefallığının qorunması ugrunda mübarizə aparan Qarabağın alban xristian məclisinin əsas istinadgahlarından olmuşdur.