Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə Tovuz rayonunda “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” mövzusunda keçirilən üçgünlük regional konfrans sentyabrın 8-də öz işini davam etdirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Tovuz Rayon İcra Hakimiyyətinin və ictimaiyyət nümayəndələrinin iştirak etdiyi tədbiri giriş sözü ilə açan DQİDK-nın İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Yaqut Əliyeva vurğulayıb ki, çoxmillətli və çoxkonfessiyalı ölkə olan Azərbaycanda həmişə müxtəlif millətlərin, etnik qrupların, dini azlıqların birgə yanaşı yaşaması təmin edilib. Qarşılıqlı etimada və hörmətə əsaslandığı üçün bu istiqamətdə həyata keçirilən tədbirlər nəticəsində milli və ya dini zəmində ayrı-seçkilik mövcud deyil. Konfransın əhəmiyyətinə diqqət çəkərək zərərli dini meyillərin formalaşdırdığı təhdidlər və onların multikultural cəmiyyətə təsiri barədə də danışan şöbə müdiri aparılan maarifləndirmədə cəmiyyətimizin əsas sütunu olan qadınların da əhatə olunmasının önəminə toxunub. Qeyd edib ki, dini maarifçilik işinin həyata keçirilməsi, xurafatla mübarizə, eyni zamanda cəmiyyətimizi narahat edən digər məsələlərin aradan qaldırılmasında qadınların özünəməxsus rolu vardır. Y.Əliyeva, həmçinin, sadalanan problemlərin həlli istiqamətində görülən işlər və çıxış yolları barədə fikirlərini bölüşüb.
Tovuz Rayon Qeydiyyat şöbəsinin rəisi Svetlana Verdiyeva, Qazax-Tovuz Regional Təhsil İdarəsinin sektor müdiri Elmira Mürşüdlü konfransın keçirilməsinin əhəmiyyətindən bəhs edərək mövzu ilə bağlı fikirlərini diqqətə çatdırıblar. Bildirilib ki, ölkəmiz unikal tarixi-mədəni şəraitə, dini sahənin özünəməxsus xüsusiyyətlərinə, demokratik prinsiplərə əsaslanan dövlət-din münasibətlərinə malikdir ki, bütün bunlar dünya birliyi tərəfindən yüksək qiymətləndirilir. Azərbaycan dövlətinin dinlə bağlı siyasəti cəmiyyətdə dini müxtəlifliyi, vicdan və dini etiqad azadlığını təmin edən fəaliyyət sistemidir.
Sonda DQİDK-nın sifarişi ilə çəkilmiş “Müasir çağırışlar və qarşıda duran əsas hədəflər” videoçarx nümayiş edilib. Konfrans işini müzakirələrlə yekunlaşdırıb.