Oktyabrın 8-də Tovuz rayon Heydər Əliyev mərkəzində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Tovuz bölgəsi üzrə şöbəsi (DQİDK), Tovuz Rayon İcra Hakimiyyəti (RİH), Tovuz Gənclər və İdman idarəsi, Tovuz Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə “Dini radikalizmə qarşı mübarizədə gənclərin rolu” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Tovuz bölgəsi üzrə şöbəsinin müdiri Rasim Tağıyev, Tovuz RİH başçısının müavini Təranə Bayramova, Tovuz Gənclər və İdman idarəsinin müdiri Sahib Ələsgərov, Tovuz TŞ-nin müdiri Elmira Mürşüdlü, müəllimlər və yuxarı sinif şagirdləri iştirak ediblər.
Çıxışçılar dini radikalizmin mahiyyəti, dövlətimizin din siyasəti, gənclərin dini radikalizmdən qorunmasının yolları barədə, o cümlədən dini və milli kimlik, məktəblərdə ilkin dini biliklərin verilməsinin vacibliyindən, sosial şəbəkələrdə radikal ünsürlərə qarşı mübarizədən danışıblar.
Sonda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyindəki Mənəvi Dəyərlərin Təbliği Fondunun nəşr etdirdiyi kitablar nümayiş etdirilib.