“Tolerant və mütərəqqi cəmiyyətin formalaşmasında qadınların rolu” mövzusunda konfransın yekun panel sessiyası “Gələcəyin dayanıqlı cəmiyyəti: qadınların gücləndirilməsi naminə strateji hədəflər və tərəfdaşlıq” mövzusuna həsr edilib. Panel Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanovanın moderatorluğu ilə baş tutub.
Azərbaycan Respublikası Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Nigar Arpadarai çıxışında qadınların gələcəyin əmək bazarına hazırlanması və yeni texnoloji çağırışlara uyğun bacarıqlar əldə etməsinin əhəmiyyətini vurğulayıb. O qeyd edib ki, qadınların fəaliyyətinin ənənəvi olaraq təhsil və səhiyyə sahələrilə məhdudlaşdırılması, mühəndislik və texnologiya kimi istiqamətlərin isə daha çox kişilərlə əlaqələndirilməsi ilə bağlı stereotiplər aradan qaldırılmalıdır. Xüsusilə bu bacarıqların əldə edilməsinin qadınların yeni peşə sahələrinə inteqrasiyası və rəqabət qabiliyyətinin artırılması baxımından vacib olduğunu bildirib.
Nigar Arpadarai, həmçinin qadın sahibkarlığının, startap təşəbbüslərinin və innovativ fəaliyyətinin dəstəklənməsinin onların iqtisadi müstəqilliyinin və cəmiyyətdə iştirakının genişləndirilməsinə töhfə verəcəyini deyib.
Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov isə İslam dinində və milli-mənəvi dəyərlərimizdə qadına verilən yüksək mövqenin, tarixi şəxsiyyətlərin və nümunəvi qadınların həyat yolunun maarifləndirmə prosesində təbliğinin labüdlüyündən bəhs edib. Rektor bildirib ki, İslam tarixində xüsusi yeri olan qadınların həyat və fəaliyyətinin gənc nəslə çatdırılması qadınlara hörmətin və onların cəmiyyətdəki rolunun düzgün qiymətləndirilməsi baxımından faydalıdır.
Aqil Şirinov Azərbaycan xalqının milli-mədəni ənənələrində qadına verilən dəyərə də diqqət çəkərək, Ağabəyim ağa kimi tarixi şəxsiyyətlərin həyatının, eləcə də qadınların təhsilinə dəstək göstərmiş maarifçi ziyalıların fəaliyyətinin təbliğinin əhəmiyyətini qeyd edib. Bu baxımdan, Hacı Zeynalabdin Tağıyevin qız məktəbinin yaradılması təşəbbüsünü və din xadimi Axund Hacı Turabın öz qızını həmin məktəbdə oxutmasını mütərəqqi tarixi nümunələr kimi xatırladıb.
Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Analitik təhlil və informasiya təminatı şöbəsinin müdiri Elgün Səfərov qadın hüquqlarının müdafiəsi, rəqəmsal mühitdə qadınların üzləşdiyi təhdidlər, eləcə də onların qərarvermə proseslərində təmsilçiliyinin artırılması məsələlərinə toxunub. O, müxtəlif dini inanclarda qadına və anaya verilən yüksək dəyəri diqqətə çatdıraraq, Azərbaycanın çoxkonfessiyalı, multikultural ölkə kimi dinlər və mədəniyyətlər arasında körpü rolunu oynadığını vurğulayıb.
Elgün Səfərov müasir dövrdə sosial şəbəkələr və rəqəmsal platformalar vasitəsilə qadınlara qarşı yönələn təhdidlərin artmasına da diqqət çəkib. Qadınların internetə çıxış imkanlarında bərabərsizliyin və erkən nikah probleminin qlobal miqyasda aktuallığını qoruduğunu bildirib.
Sessiya çərçivəsində qadınların cəmiyyətdə rolunun gücləndirilməsi, gender bərabərliyinin təşviqi, dayanıqlı inkişafda qadınların iştirakının artırılması, eləcə də bu istiqamətdə dövlət qurumları və müxtəlif tərəfdaşlar arasında əməkdaşlığın əhəmiyyəti müzakirə olunub.