Fevralın 21-də Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Xocalı faciəsi: tarix və bu gün” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsinin baş məsləhətçisi Pərviz Eyvazov, Tərtər Rayon İcra Hakimiyyəti Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Zabil Paşayev, Tərtər rayon Peşə məktəbinin direktoru Əli Babayev, Tərtər şəhər “Cümə” məscidinin imam müavini Saleh Ədilov, Tərtər rayonu Qaynaq kənd məscidinin dini ayinlərin icraçısı Nəriman Əliyev çıxış edərək tariximizin ən qanlı hadisələrindən biri olan, erməni silahlı dəstələri tərəfindən xalqımıza qarşı törədilən bu cinayət hadisəsi zamanı silahsız əhalinin xüsusi qəddarlıqla qətlə yetirildiyini, əsir götürülən insanların dəhşətli işgəncələrə, zülm və təhqirlərə məruz qaldıqlarını qeyd ediblər. Bildirilib ki, Xocalı faciəsi Azərbaycan xalqının tarixində erməni faşistlərinin insanlığa sığmayan vəhşiliklərinin acı nümunəsidir.
Tədbirdə məktəbin kollektivi və din xadimləri iştirak ediblər.