Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin regional bölmələri və yerli qurumların birgə təşkilatçılığı ilə bölgələrdə müxtəlif mövzulara həsr olunmuş maarifləndirici tədbirlər keçirilir.
Mayın 20-də Tərtər rayonu Sarov kənd tam orta məktəbində “Narkotikə yox deyək!” və “Ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafında rolu” mövzularında maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Qarabağ regional bölməsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, Rayon İcra Hakimiyyətinin əməkdaşı Rəvan Həsənov, müəllimlər, məktəblilər və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Çıxışlarda gənclərin sağlam həyat tərzinə təşviq olunmasının, onların milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və savadlı ruhda formalaşdırılmasının əhəmiyyəti vurğulanıb. Narkotik vasitələrin insan sağlamlığına və cəmiyyətə vurduğu zərərlərdən, ailə tərbiyəsinin uşağın şəxsiyyət kimi inkişafındakı mühüm rolundan, dini dözümlülük və multikultural dəyərlərin cəmiyyətdə qarşılıqlı hörmət və həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələrdən bəhs edilib. Eyni zamanda insan hüquq və azadlıqlarının qorunmasının vacibliyi diqqətə çatdırılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.