Tərtərdə “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusu müzakirə olunub
22 sentyabr 2025, 09:00

Sentyabrın 19-da Tərtər rayonunda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur regional bölməsi, Tərtər Rayon İcra Hakimiyyəti (RİH) və Yeni Azərbaycan Partiyası (YAP) rayon təşkilatının birgə təşkilatçılığı ilə “Sülh aylığı” çərçivəsində “Dini radikalizm və ekstremizmin təhlükələri” mövzusu müzakirə olunub.

Tədbirdə Dövlət Komitəsinin Qarabağ və Şərqi Zəngəzur Regional şöbəsinin aparıcı məsləhətçisi İsmət Rəhimov, RİH başçısının Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Zabil Paşayev, YAP  rayon təşkilatının əməkdaşı Gündüz Alıkişiyev, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər.

Çıxışlarda bildirilib ki, tədbirin əsas məqsədi dini radikalizm və ekstremizmin cəmiyyətə gətirdiyi mənfi təsirləri geniş ictimaiyyətə çatdırmaq, xüsusilə gənclər arasında vətəndaş həmrəyliyinin, milli-mənəvi dəyərlərin möhkəmləndirilməsinə töhfə verməkdir. Natiqlər dini radikalizm və ekstremizmin təhlükələrindən bəhs edərək, maarifləndirmə tədbirlərinin önəmini vurğulayıblar. Eyni zamanda dövlət və cəmiyyətin dini radikalizmə qarşı mübarizədə birgə fəaliyyət göstərməsinin vacibliyi xüsusi qeyd olunub.

Sonda mövzu ilə bağlı fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.