Suraxanıda “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda maarifləndirmə tədbiri keçirilib
21 aprel 2016, 14:44
Aprelin 21-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Suraxanı Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Qaraçuxur qəsəbəsində yerləşən 104 saylı tam orta məktəbdə “Multikulturalizmin Azərbaycan modeli” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, şöbənin əməkdaşları, Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini - dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov, məktəbin direktoru Kərəm Mehdiyev, qəsəbə ziyalıları, müəllimlər və şagirdlər iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Suraxanı Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Rəşid Məmmədov bu ilin ölkəmizdə “Multikulturalizm ili” elan olunduğunu bildirərək məktəblərdə keçiriliən bu tədbirlərin əhəmiyyətindən danışıb.
DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev multikulturalizm anlayışı, onun ehtiva etdiyi dəyərlər haqqında tədbir iştirakçılarına geniş məlumat verib. Bildirilib ki, multikulturalizm ölkəmizdə dövlət siyasəti olmaqla yanaşı, bütün dünya üçün də bir nümunədir.
Daha sonra DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin əməkdaşları Emin Həsənov, Faiq Ələkbərov, məktəbin direktoru Kərəm Mehdiyev və digər natiqlər Azərbaycanın multikulturalizm modelinin alternativinin olmadığını və bu modelin sülh, qardaşlıq və birlik üçün çağırış olduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar.
Tədbirdə şagirdlərlə fikir mübadiləsi aparılıb və onları maraqlandıran suallar cavablandırılıb.