Fevralın 19-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Bakı regional bölməsi və Suraxanı Rayon İcra Hakimiyyətinin (RİH) birgə təşkilatçılığı ilə Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi Əmi Məmmədov adına 101 nömrəli tam orta məktəbdə “Uşaq hüquqlarının qorunması-erkən nikah problemi və ona qarşı mübarizə yolları” mövzusunda maarifləndirmə tədbiri keçirilib.
Tədbirdə Suraxanı RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Sevinc Ağayeva, Dövlət Komitəsinin Bakı regional bölməsinin əməkdaşları Aqil Əlisoy və Günel Zahidova, Suraxanı rayonu Yeni Suraxanı qəsəbəsi “Heydər” məscidinin qadın dini ayin icraçısı Aynur Rzayeva, müəllim və şagirdlər iştirak ediblər.
Çıxışlar zamanı erkən nikahın fəsadlarından bəhs olunub, Azərbaycan Respublikasında erkən nikah hallarının qarşısının alınması ilə bağlı mövcud qanunvericiliyin müddəalarından danışılıb. Eyni zamanda erkən nikahın qızların təhsildən yayınması halları ilə nəticələnməsinə xüsusi diqqət çəkilib.