Respublikamızın bölgələrində maarifləndirmə tədbirləri davam etdirilir.
Aprelin 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Suraxanı Rayon İcra Hakimiyyəti (RİH) və Suraxanı Gənclər Evinin birgə təşkilatçılığı ilə “Gənclərin sosial mediada təhlükəsizliyi: dini radikalizmə qarşı təbliğat” adlı maarifləndirici tədbir keçirilib. Tədbirdə Dövlət Komitəsinin Bakı şəhər bölməsinin müdiri Anar Kazımov, bölmənin əməkdaşları, RİH-nin əməkdaşı Sevinc Ağayeva, Gənclər Evinin direktoru Cəbi Quliyev, rayon Gənclər və İdman sektorunun müdiri Amil Bağırov, Qafqaz Müsəlmanları İdarəsinin qazısı Qurban Əliyev, din xadimləri və gənclər iştirak ediblər.
*** *** ***
Aprelin 29-da Quba rayonunun Vəlvələ kəndində "Gənclərin sosial mediada təhlükəsizliyi: hüquqi aspektlər və dini radikalizmə qarşı təbliğat” mövzusunda maarifləndirici tədbir baş tutub. Tədbirdə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, Ombudsman Aparatının Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, RİH başçısı Aparatının sektor müdiri Anar Məmmədov, habelə müəllimlər və gənclər iştirak ediblər.
Çıxışlarda vurğulanıb ki, tədbirin əsas qayəsi gənclərin sosial şəbəkələrdə qarşılaşa biləcəyi dini radikalizm, ekstremizm və yad ideoloji təsirlər barədə maarifləndirilməsidir. Eyni zamanda, yeniyetmə və gənclərdə təhlükəsiz rəqəmsal davranış vərdişlərinin formalaşdırılması, eləcə də onların milli-mənəvi dəyərlərə sadiqlik ruhunda yetişdirilməsi prioritet hədəf kimi müəyyən edilib.