Avqustun 28-də Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Tolerantlıq sülhün və birgəyaşayışın təməlidir” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Sumqayıt şəhər “Cümə” məscidi dini icmasının sədri Rauf Sərdarov, regional bölmənin əməkdaşları və din xadimlərinin iştirak etdiyi tədbirdə DQİDK-nın sifarişi ilə çəkilən “Azərbaycanın nümunəvi tolerantlıq modeli” mövzusunda videoçarx nümayiş olunub.
Natiqlər çıxışlarında qeyd ediblər ki, Azərbaycan müxtəlif millətlərin, mədəniyyətlərin və dinlərin nümaydələrinin yaşadığı məkana çevrilib. Eyni zamanda vurğulanıb ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda vuruşaraq, bu yolda canından keçmiş müxtəlif dini konfessiyalara mənsub vətəndaşlarımızın da uyuduqları məkanlar təkcə and yeri deyil, həm də tolerantlığın simvoludur. Tolerantlığın sülhün və birgəyaşayışın təməli olduğu da diqqətə çatdırılıb.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.