Sumqayıtda maarifləndirmə tədbiri keçirilib
18 avqust 2025, 09:53

Avqustun 18-də Sumqayıt şəhər “Cümə” məscidində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Sağlam ailənin sirləri – sevgi, hörmət və dəstək” mövzusunda maarifləndirici tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri vəzifəsini müvəqqəti icra edən Ülkər Mövsümlü, Sumqayıt şəhər “Cümə” məscidinin qadın dini ayinlərinin icraçısı Türkan Bayramova, eləcə də şəhər ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Çıxışlar zamanı ailədə qarşılıqlı sevgi, hörmət və mənəvi dəyərlərin əhəmiyyəti vurğulanıb, həmçinin dini-mənəvi baxımdan ailə münasibətlərinin tənzimlənməsi məsələlərinə toxunulub. Qeyd olunub ki, sağlam və dayanıqlı ailə cəmiyyətin inkişafının əsas təməllərindən biridir.

Tədbir iştirakçıları mövzu ətrafında fikir mübadiləsi apararaq, ailədaxili münasibətlərin düzgün qurulmasının, qarşılıqlı anlayış və dəstəyin əhəmiyyətini bir daha vurğulayıblar.