Sumqayıtda "Gəncləri dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq" mövzusu müzakirə olunub
16 dekabr 2021, 08:08

Dekabrın 16-da Sumqayıtın Hacı Zeynalabidin  Tağıyev qəsəbəsi 6 saylı tam orta məktəbdə "Gəncləri dini radikalizm – ekstremizm və narkomaniyanın zərərli təsirlərindən qoruyaq" adlı maarifləndirici xarakterli tədbir keçirilib.

Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısı yanında Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Komissiyanın təşəbbüsü,  Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsi, şəhər Gənclər və İdman Baş İdarəsi , şəhər Səhiyyə şöbəsi və şəhər Polis İdarəsinin birgə təşkilatçılığı ilə baş tutan tədbirin keçirilməsində məqsəd yeniyetmə və gəncləri sağlam həyat tərzinə təşviq etmək, narkomaniya, tütün, alkoqol və digər psixatrop maddələrin mənfi təsiri ilə bağlı məlumatlandırmaq, cəmiyyət üçün narahatlıq doğuran və din pərdəsi altında radikal, ekstremist meyillərini təbliğ edən, dövlət - vətəndaş həmrəyliyini pozmağa, xalqın tarixi dəyərlərinə, milli düşüncə sisteminə zərbə vurmağa istiqamətlənmiş hərəkətlərdən qorumaqdır.

İcra Hakimiyyəti başçısının Hacı Zeynalabdin qəsəbə İnzibati Ərazi Dairəsi  üzrə  nümayəndəsi  Lalə Hacıyeva, şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Elgün Hümbətov, 3 saylı şəhər xəstəxanasının şöbə müdiri Vaqif Qəhrəmanov,  2-ci polis bölməsinin rəisi Bəhruz Musayev,  Dövlət Komitəsinin Sumqayıt bölgəsi üzrə şöbəsinin əməkdaşı Xalid Paşayev və başqaları mövzu ilə bağlı çıxışlar ediblər. Narkomaniyanın yeniyetmə və gənclərin şəxsiyyətinin, sağlamlığının inkişafına mənfi təsirindən, bu bəladan qorunmanın vacibliyindən, şəhərdə bu istiqamətdə aparılan mübarizə tədbirlərindən  danışıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.