Avqustun 14-də Sumqayıtda Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin təşkilatçılığı ilə “Dini məzhəbçilik meyillərinin milli birliyə və dini təhlükəsizliyə təsirləri” mövzusunda maarifləndirici tədbir keçirilib.
Tədbir Vətənimizin azadlığı və bütövlüyü uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsini yad etməklə və dövlət himninin oxunması ilə başlanıb.
Dövlət Komitəsinin sifarişi ilə hazırlanmış “Müasir çağırışlar: birgəyaşayış nümunəsi” mövzusunda videoçarx izləndikdən sonra Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin müdiri Yalçın Abdullayev, Qafqaz Müsəlmanları İdarəsinin bölgə qazısı Rauf Sərdarov çıxış edərək, dini radikalizm və ekstremizm meyillərinin, məzhəbçilik, dinin siyasiləşdirilməsi, dünyəviliyə qarşı çağırışların, ölkələrin konstitusion quruluşunun zorla dəyişdirilməsinə cəhdlərin, ümumilikdə, ölkələrin milli təhlükəsizliyinin, həmçinin qlobal təhlükəsizliyin təminatına ciddi təhdidlər yaratdığından danışıblar. Eyni zamanda ölkəmizdə tarixən nümunəvi məzhəblərarası münasibətlərin olduğu, məzhəb ayrı-seçkiliyi zəminində əhali arasında qarşıdurma baş vermədiyi qeyd edilib.
Tədbirdə DQİDK-nın Abşeron-Xızı regional bölməsinin əməkdaşları və din xadimləri iştirak ediblər.
Tədbir iştirakçıların suallarının cavablandırılması ilə sona çatıb.