Sentyabrın 24-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Abşeron-Xızı regional bölməsinin kollektivi, dini konfessiyaların nümayəndələri və din xadimləri tərəfindən Sumqayıt şəhər Şəhidlər Xiyabanı ziyarət olunub, məzarları önünə gül dəstələri qoyulub, eyni zamanda Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Bildirilib ki, hər bir xalqın tarixində yaddaşlardan silinməyən, gələcək nəsillərə ötürülən əlamətdar günlər vardır. Azərbaycan xalqı üçün 27 Sentyabr – Anım Günü məhz belə tarixi günlərdəndir. 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi Azərbaycan xalqının milli iradəsinin, dövlətimizə və ordumuza olan inamının təcəssümünə çevrilib.
44 gün davam edən müharibədə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu misilsiz qəhrəmanlıq və şücaət göstərərək torpaqlarımızın işğaldan azad olunmasına nail olub.