Siyəzəndə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusu müzakirə olunub
13 yanvar 2025, 09:15

Yanvarın 13-də Siyəzən rayon Mərkəzi Kitabxanasında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Siyəzən Rayon Gənclər və İdman sektoru və Siyəzən Mərkəzi Kitabxana Sisteminin (MKS) birgə təşkilatçılığı ilə “Xalqımızın milli birliyinin möhkəmlənməsində mənəvi dəyərlərimizin yeri” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Gənclər və İdman sektorunun əməkdaşı Nuran Nurullayev, Siyəzən MKS-nin direktoru Gülnar Muradova, Yeni Azərbaycan Partiyasının Siyəzən Rayon Təşkilatının sədr müavini Ramilə Seyidova, ziyalılar və gənclər iştirak ediblər.

Çıxışlarda bildirilib ki, xalqımızın formalaşması və milli dövlətçiliyin möhkəmlənməsində mühüm rol oynayan milli-mənəvi dəyərlərimizin qorunması və gələcək nəsillərə çatdırılması bu gün hər zamankından daha aktualdır. Eyni zamanda natiqlər ölkəmizdə mövcud olan tolerant mühitdən və nümunəvi dövlət-din münasibətlərindən danışıblar. 

Sonda tədbir diskussiya şəklində davam etdirilərək, iştirakçılar mövzu ilə əlaqədar öz fikirlərini bildirdilər.