Okyabrın 11-də Siyəzən rayonu Sədan kənd tam orta məktəbində, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Regional Təhsil İdarəsi, eləcə də Regional Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə “Vətənpərvərlik nümunəsi: qazilik və şəhidlik məqamı” mövzusunda tədbir keçirilib.
Tədbirdə DQİDK-nın Quba–Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, təşkilatçı qurumların əməkdaşları və gənclər iştirak ediblər.
Əvvəlcə şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, ruhlarına dualar oxunub.
Bildirilib ki, Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük müharibədə qazandığımız Zəfər xalqımızın minlərlə qəhrəman övladının canı-qanı bahasına, əsgər və zabitlərimizin, cəbhəyə könüllü gedən vətənpərvər gənclərimizin igidliyi nəticəsində tariximizə yazılmış şanlı salnamədir. Qeyd edilib ki, son 30 ildə olduğu kimi, Vətən müharibəsindən sonra da Azərbaycanın müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və müharibə iştirakçısı olmuş şəxslərə diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir.