Siyəzəndə “Uşaqlarda vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” mövzusu müzakirə olunub
12 may 2025, 09:29

Mayın 12-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi, Siyəzən rayonu üzrə təhsil sektoru və Siyəzən rayonu üzrə gənclər və idman sektorunun birgə təşkilatçılığı ilə Siyəzən rayonu Zakir Abbasəliyev adına Siyəzənkənd kənd ümumi orta məktəbində “Uşaqlarda vətən sevgisi və milli kimlik şüurunun formalaşdırılması” mövzusunda “dəyirmi masa” təşkil olunub.
Tədbirdə DQİDK-nın Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən rayonu üzrə gənclər və idman sektorunun  baş məsləhətçisi Nuran Nurullayev, məktəbin direktor əvəzi Ləman Abbasova, Siyəzən şəhər “Cümə” məscidinin qadın dini ayin icraçısı Əzimə Müzəffərova, müəllim və şagirdlər iştirak ediblər. 
Çıxışlarda bildirilib ki, Azərbaycan dövləti, hər zaman gələcəyimiz olan uşaqların Vətənə məhəbbət, milli kimlik və soykökünə sədaqət ruhunda tərbiyə olunmasına böyük məsuliyyətlə yanaşıb. Milli-mənəvi və əxlaqi dəyərlərini yaşatmaq, gələcək nəsillərə ötürmək xalqın keçmişi ilə bağlılığını, onun varlığını ifadə edir. Bu dəyərlərə sadiqlik, onları yaşatmaq, təbliğ etmək, nəsillərə sevdirmək doğma Vətənimizin və xalqımızın gələcəyi baxımından əhəmiyyətlidir. Azərbaycan xalqı əsrlərdir ki, məhz bu dəyərlərə söykənərək tarixin ağır sınaqlarından, çətin imtahanlarından uğurla çıxmağı bacarıb, öz milli kimliyini, dövlətçilik ənənələrini qoruyub saxlamağa müvəffəq olub, milli-mənəvi dəyərlərimizə sadiq olan gənclərimiz əxlaqi dəyərlərimizi hər zaman yüksək tutub.  
Sonda iştirakçıların sualları cavablandırılıb.