Siyəzəndə dini tolerantlıq və birgəyaşayış mövzusunda seminar keçirilib
14 noyabr 2025, 17:28

Noyabrın 14-də Siyəzən rayonunda “Beynəlxalq Tolerantlıq Günü” münasibətilə “Dini tolerantlıq – cəmiyyətdə birgəyaşayış ənənəsinin təminatçısı” mövzusunda seminar təşkil olunub.

Tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba-Xaçmaz regional bölməsi və Siyəzən rayonu üzrə Təhsil sektorunun birgə əməkdaşlığı çərçivəsində həyata keçirilib.

Seminarda DQİDK-nin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Siyəzən Rayon İcra Hakimiyyətinin Gilgilçay qəsəbəsi üzrə nümayəndəsi Zamin Ağayev, məktəbin direktoru vəzifəsini icra edən Qərənfil Qasımova, müəllim və şagird kollektivi iştirak ediblər.

Çıxış edənlər tolerantlıq və multikulturalizmin Azərbaycan xalqının yaşam tərzinə çevrildiyini, ölkəmizdə müxtəlif din və mədəniyyətlərə hörmətin qədim ənənələrə söykəndiyini bildiriblər. Qeyd olunub ki, Azərbaycanda həyata keçirilən multikulturalizm siyasəti dünyaya nümunə olmaqla yanaşı, milli həmrəyliyin möhkəmlənməsinə mühüm töhfə verir. Bu siyasət cəmiyyətdə müxtəlifliyə hörmət, qarşılıqlı anlaşma və azərbaycançılıq ideologiyası ətrafında birliyi təşviq edir.

Tədbir mövzu ətrafında diskussiya ilə davam edib, iştirakçılar fikir və təkliflərini bölüşüblər.