Sentyabrın 21-də Siyəzən rayonunun Firuz Cəlilov adına Məşrif kənd tam orta ümumtəhsil məktəbində “Milli-mənəvi dəyərlər və vətən sevgisi” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, Rayon İcra Hakimiyyətinin nümayəndəsi İlham Əliyev, Siyəzən şəhər “Cümə” məscidinin imamları İmran Xudaverdili və Niyaməddin Müzəffərov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda milli-mənəvi dəyərlərin xalqın milli kimliyinin, tarixi yaddaşının və dövlətçilik ənənələrinin formalaşmasında mühüm rol oynadığı bildirilib. Qeyd olunub ki, əsrlər boyu formalaşaraq nəsildən-nəslə ötürülən milli-mənəvi dəyərlərin qorunması, yaşadılması və gələcək nəsillərə çatdırılması hər bir vətəndaşın mənəvi borcudur.
Sentyabrın 22-də isə Ağsu şəhər 4 nömrəli tam orta ümumtəhsil məktəbində “Təhsilin gənclərin milli-mənəvi dəyərlər və vətənpərvərlik ruhunda tərbiyəsində rolu” mövzusunda tədbir təşkil olunub. Tədbirdə Dövlət Komitəsinin Dağlıq Şirvan regional bölməsinin əməkdaşı Tural Vahidov, müəllimlər və şagirdlər iştirak ediblər.
Çıxışlarda təhsilin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı, vətənpərvər və məsuliyyətli vətəndaş kimi formalaşmasında mühüm rol oynadığı bildirilib. Vurğulanıb ki, təhsil müəssisələri gənclərin yalnız bilik və bacarıqlarının inkişafına deyil, eyni zamanda onların milli kimliyinin, dünyagörüşünün və vətəndaşlıq mövqeyinin formalaşmasına da mühüm təsir göstərir.
Hər iki tədbirdə mövzular ətrafında fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.