Şirvanda “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib
30 oktyabr 2024, 01:48

Oktyabrın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsi, Şirvan Şəhər İcra Hakimiyyəti, şəhər Polis Şöbəsi və Regional Təhsil İdarəsinin birgə təşkilatçılığı ilə Şirvan şəhəri 1 saylı tam orta məktəbdə “Məktəblilərin mənəvi dünyagörüşünə təsir edən amillər” mövzusunda tədbir keçirilib.

Tədbirdə Dövlət Komitəsinin Şirvan-Salyan regional bölməsinin müdiri vəzifəsini icra edən Sənan Xəlilov, İcra Hakimiyyəti başçısının müavini Aynur Fərzəliyeva, Şəhər Polis Şöbəsinin rəis müavini Farid Vəliyev, şəhər Təhsil Sektorunun müdiri Varis Qasımlı, müəllimlər və şagirdlər iştirak ediblər.

Çıxışlarda məktəblilərin mənəvi dünyagörüşünə və gələcək inkişafına təsir edən amillərdən danışılıb. Məktəblilərin gələcəkdə dini radikalizm və fanatizmin təsirinə məruz qalmamaları üçün təhsilə önəm vermələrinin vacibliyi diqqətə çatıdırılıb. Eyni zamanda mənəvi dünyagörüşünün düzgün inkişafı istiqamətində mühüm rol oynayan milli-mənəvi dəyərlər, vətənpərvərlik və vətənə sədaqətin mahiyyətindən söhbət açılıb.

Tədbir müzakirələrlə davam etdirilib.