Şirvan və Hacıqabulda “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbirlər keçirilib
13 may 2024, 03:19

Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü münasibətilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Şirvan bölgəsi üzrə şöbəsi tərəfindən “Ulu Öndər Heydər Əliyev və milli-mənəvi dəyərlərimiz” mövzusunda tədbirlər keçirilib.

Mayın 10-da Şirvan Gənclər evində keçirilən tədbirdə DQİDK-nın Şirvan bölgəsi üzrə şöbəsinin müdiri Sənan Xəlilov, Şirvan Şəhər İcra Hakimiyyəti (RİH) başçısı Aparatının Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Elvin Balayev, Gənclər evinin direktoru Əfqan Həsənov, Qafqaz Müsəlmanları İdarəsinin səlahiyyətli nümayəndəsi Əvəz Mehrəliyev və şəhid ailələri iştirak ediblər.

Mayın 11-də Hacıqabul rayon Heydər Əliyev mərkəzində baş tutan tədbirə isə şöbə müdiri Sənan Xəlilov, Hacıqabul RİH başçısının müavini Xuraman Məmmədova, Abdulabad kəndi “Cümə” məscidi dini icmasının sədri Həsrət Şıxaliyev və şəhid ailələri qatılıblar.

Çıxışlar zamanı Ümummilli Lider Heydər Əliyevin milli-mənəvi dəyərlər sisteminin qorunması, gənclərin vətənpərvər ruhunda inkişafı və milli ideologiyanın formalaşmasında əvəzsiz xidmətlərindən bəhs edilib. Ulu Öndər siyasətinin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələri və qazilərə göstərdiyi diqqətdən söhbət açılıb. Tədbirdə çıxış edən şəhid valideynləri onlara göstərilən qayğı və dəstəyə görə ölkə başçısına təşəkkürlərini bildiriblər.

Tədbirin sonunda şəhid ailələrinə Qurani-Kərim kitabları hədiyyə edilib.