Fevralın 25-də Dini Qurumlarla iş Üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi, Qusar Rayon Heydər Əliyev Mərkəzi və Qusar Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Qusar Rayon Heydər Əliyev Mərkəzinin akt zalında Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş “Xocalı – bir millətin kədəri” adlı anım tədbiri keçirilib.
Anım tədbirində DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin məsləhətçisi Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin direktoru Bəhruz Əfəndiyev, Qusar Rayon Heydər Əliyev Mərkəzinin əməkdaşı Lamiyə Abdullayeva, Qusar Rayon Gənclər və İdman İdarəsinin əməkdaşı Sevil Dəmirova, rayonda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, eləcə də təşkilatçı qurumların nümayəndələri və gənclər iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, Xocalı soyqırımı təkcə Azərbaycan tarixinə deyil, həmçinin dünya tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olub. Öz miqyasına, qəddarlığına, qeyri-insani cəza üsullarına görə Xocalı qətliamı XX əsrdə insanlığa qarşı törədilmiş ən dəhşətli soyqırımı aktlarındandır.
Tədbir çərçivəsində eyniadlı film nümayiş etdirilib.
* * *
DQİDK-nın Quba bölgəsi üzrə şöbəsi və Qafqaz Müsəlmanları İdarəsinin şimal bölgəsində fəaliyyət göstərən qazılıqlarının birgə təşkilatçılığı ilə bölgənin bütün məscidlərində Xocalı faciəsinin 30-cu ildönümü ilə əlaqədar anım tədbirləri təşkil olunub.
Məscidlərdə təşkil edilən anım mərasimlərində DQİDK-nın Quba bölgəsinin əməkdaşları, din xadimləri, dindarlar iştirak ediblər. Məscidlərdə Xocalı qurbanlarının ruhlarına dualar oxunub, sənədli filmlər nümayiş etdirilib, Şəhidlər Xiyabanları ziyarət olunub.