İyunun 2-də Qusar rayonu Balaqusar kənd tam orta ümumtəhsil məktəbində “İnsan Hüquqları Aylığı” çərçivəsində "Multikulturalizm və dini harmoniyanın hüquqi əsasları” mövzusunda tədbir keçirilib. Tədbirdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Quba-Xaçmaz regional bölməsinin müdiri Elnur Ağasiyev, İnsan Hüquqları üzrə Müvəkkilin Şimal regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, Rayon İcra Hakimiyyəti (RİH) başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kamran Sədullayev, müəllimlər və şagirdlər iştirak ediblər.
“İnsan Hüquqları Aylığı” çərçivəsində daha bir tədbir iyunun 3-də Siyəzən rayonu Ruslan Məmmədov adına Eynibulaq kənd tam orta ümumtəhsil məktəbində “Dünyəvi dövlət modelində dini həmrəylik” mövzusunda keçirilib. Tədbir Dövlət Komitəsinin regional bölməsinin aparıcı məsləhətçisi Gündüz Səmədli, RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər sektorunun müdiri Kənan Əliyev, şəhər “Cümə” məscidi dini icmasının sədri Qənimət Pirəliyev, din xadimləri, müəllimlər və şagirdlərin iştirakı ilə baş tutub.
Çıxışlarda bildirilib ki, Azərbaycanda dövlət-din münasibətləri qanunvericiliklə tənzimlənir və dünyəvi dövlət prinsipləri əsasında formalaşır. Bu model müxtəlif dinlərin nümayəndələrinin sərbəst şəkildə öz dini inanclarını həyata keçirməsinə, cəmiyyətdə sülh və sabitliyin qorunmasına imkanlar yaradır. O da vurğulanıb ki, tolerantlıq ənənələri gənc nəslin düzgün istiqamətdə formalaşmasında mühüm rol oynayır. Eyni zamanda, dini həmrəylik və qarşılıqlı hörmət prinsiplərinin təbliği radikal meyillərin qarşısının alınması, sülh və sabitliyin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.