Martın 29-da Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Quba bölgəsi üzrə şöbəsi, Quba Rayon İcra Hakimiyyəti, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzi və Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Quba və Şabran bölgələri üzrə qazılıqlarının birgə təşkilatçılığı ilə “31 mart - Azərbaycanlıların soyqırımı günü”nün 104-cü ildönümü ilə əlaqədar şimal bölgəsinin din xadimlərinin iştirakı ilə ziyarət təşkil olunub.
Ziyarətdə DQİDK-nın Quba bölgəsi üzrə şöbəsinin müdir müavini Ramin Xudayev, Quba RİH başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Anar Məmmədov, İnsan Hüquqları üzrə Müvəkkilin Quba regional mərkəzinin rəhbəri Bəhruz Əfəndiyev, QMİ-nin Quba bölgəsi üzrə qazısı Naib Səttarov, bölgədə fəaliyyət göstərən səlahiyyətli nümayəndələri, din xadimləri, yerli dövlət qurumlarının nümayəndələri və gənclər iştirak ediblər.
İlk öncə Memorial Kompleksdə yerləşən kütləvi məzarlıq ziyarət olunub, üzərinə gül dəstələri qoyulub. Daha sonra iştirakçılar memorial muzey ilə tanış olublar.
Çıxışlarda 1918-ci ilin mart-may aylarında ermənilərin havadarları ilə birgə Azərbaycanın müxtəlif bölgələrində qəddarlıqla həyata keçirdikləri soyqırımı haqqında məlumat verilib. Qeyd olunub ki, ermənilər Azərbaycan xalqına qarşı XX əsrdə bir neçə dəfə soyqırımı hadisələri törədiblər.