“Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqə qalibləri mükafatlandırılıb
17 aprel 2026, 14:41

Aprelin 17-də Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə tələbələr arasında keçirilmiş “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri mükafatlandırılıb.

Azərbaycan İlahiyyat İnstitutunun rektoru, dosent Aqil Şirinov “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi haqqında məlumat verib. Rektor Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə və Mənəvi Dəyərlərin Təbliği Fonduna təşəkkürünü ifadə edərək bildirib ki, bu kimi təşəbbüslər İnstitutda tədrisin keyfiyyətinin artırılması, innovativ yanaşmaların tətbiqi və sağlam akademik mühitin formalaşdırılması, eyni zamanda, tələbələrin sosial rifahının yaxşılaşdırılmasına və onların təhsilə marağının daha da artırılmasına mühüm töhfə verir. Aqil Şirinov təqaüd proqramının qaliblərini təbrik edib, onlara uğurlar arzulayıb. Qeyd edib ki, bu səpkili təqaüd proqramları tələbələrin akademik göstəricilərinin yüksəldilməsinə mühüm stimul yaradır.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Mənəvi Dəyərlərin Təbliği Fondunun əsas fəaliyyət istiqamətlərindən birinin milli-mənəvi dəyərlərin yaşadılmasını təmin etmək olduğunu, adına təqaüd təsis edilən hər bir mütəfəkkirin Azərbaycan cəmiyyəti üçün mühüm dəyər daşıdığını bildirib. Ramin Məmmədov vurğulayıb ki, dəyərlər yalnız yaşadıldıqca, yeni məna ilə zənginləşdirildikcə daha da qiymətli olur və bu cür təşəbbüslərin əsas məqsədi tələbələrə dövlət tərəfindən dəyər verildiyini hiss etdirməkdir.

Dövlət Komitəsinin sədri qeyd edib ki, tələbələr təhsil müddətində və sonrakı həyatlarında Azərbaycan dövlətinin maraqlarını, azərbaycançılıq ideyasını və milli kimliyi qoruyub inkişaf etdirməlidirlər. O, gənclərə təqaüd proqramları təsis edilən görkəmli mütəfəkkirlərin həyatını örnək götürməyi tövsiyə edib. Ramin Məmmədov tələbələrə uğurlar arzulayaraq, onların gələcəkdə savadlı, milli ruhlu və məsuliyyətli vətəndaşlar kimi ölkənin inkişafına töhfə verəcəklərinə əminliyini ifadə edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov çıxışında hər bir fərdin formalaşmasının cəmiyyətin tərəqqisində mühüm amillərdən biri olduğunu qeyd edib. O bildirib ki, hazırkı dövrdə geniş bilik səviyyəsinə və dünyagörüşünə malik, milli-mənəvi prinsiplərə bağlı gənc nəslin yetişdirilməsi əsas istiqamətlər sırasındadır. Ali məktəb məzunlarının beynəlxalq müstəvidə daha fəal təmsil olunması, elmi-tədqiqat və akademik sahələrdə nailiyyətlər əldə etməsi xüsusi önəm daşıyır. Gündüz İsmayılov “Seyid Yəhya Bakuvi” təqaüd proqramının gənclərin potensialının inkişafına dəstək göstərmək məqsədi daşıdığını vurğulayıb.

Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Vüsal Göyüşov ötən il təsis edilən dörd təqaüd proqramının müvafiq qaydalar əsasında icra olunduğunu diqqətə çatdırıb. O qeyd edib ki, “Seyid Yəhya Bakuvi” təqaüd proqramı tələbələr arasında böyük marağa səbəb olub. V.Göyüşov vurğulayıb ki, təşkil edilmiş müsabiqə yalnız bilik və hafizə yarışması olmaqla yanaşı gənclər arasında mənəvi dəyərlərin gücləndirilməsinə xidmət göstərir.

Sonda “Seyid Yəhya Bakuvi” təqaüd proqramı üzrə müsabiqənin qalibləri elan olunublar.

“Dinşünaslıq” ixtisasının tələbəsi Qismət Rzayev birinci, “İslamşünaslıq” ixtisasının tələbəsi Əkbər Əliyev ikinci, “İslamşünaslıq” ixtisasının tələbəsi Məmmədli Ömər və “Dinşünaslıq” ixtisasının tələbəsi Cəmilə Cəfərli üçüncü yerə layiq görülüblər. Müsabiqə qalibləri çıxış edərək, Komitə, Fond və İnstitut rəhbərliyinə təşəkkürlərini ifadə ediblər. 

Qeyd edək ki, “Seyid Yəhya Bakuvi” təqaüdü Qurani-Kərim qiraəti istiqamətində ixtisaslı kadrların yetişdirilməsinin stimullaşdırılması məqsədilə təsis edilib. “Seyid Yəhya Bakuvi” təqaüd proqramının seçim mərhələsi 16 mart 2026-cı il tarixində keçirilib. Müsabiqə komissiyası tərəfindən təsdiq olunmuş meyarlar nəzərə alınmaqla, ali təhsilin bakalavriat səviyyəsində təhsil alan Aİİ tələbələri arasında seçim aparılıb. Təqaüd qalib seçilmiş şəxsə 1 il müddətində veriləcək.