Səyavuş Heydərov: “Milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir”
28 aprel 2023, 02:21

Aprelin 27-də Şəmkir şəhərində Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Şəmkir Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Din və ideoloji təhlükəsizlik” mövzusunda dəyirmi masa keçirilib.

Tədbirdə DQİDK sədrinin müavini Səyavuş Heydərov, Şəmkir RİH başçısının birinci müavini Süleyman Zeynalov və Tovuz bölgəsi üzrə şöbənin dislokasiyasında yerləşən məscidlərdə fəaliyyət göstərən din xadimləri iştirak ediblər.

Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov bildirib ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu dövlət idarəçiliyi və xalqımızın milli maraqlarına tam uyğun müstəqil siyasət prinsipləri günümüzdə daha da təkmilləşmiş formada tətbiq edilir. Azərbaycan güclü dövlət prinsipləri ilə yanaşı, dini-mənəvi dəyərləri qoruyan və islamofobiya amilinə qarşı ciddi mübarizə aparan ölkədir. Respublikada milli-mənəvi dəyərlərimizə söykənən və sağlam dini təməllər üzərində formalaşdırılmış nümunəvi dövlət-din modeli mövcuddur.

Sədr müavini onu da vurğulayıb ki, hazırkı dövrdə dini məsələləri mənəvi aspektlə yanaşı, təhlükəsizlik aspektindən də dəyərləndirmək zərurəti yaranıb. Dinin mənəvi məzmunundan qoparılaraq siyasiləşdirilməsi bir sıra ölkələr, xüsusilə müsəlman ölkələri üçün dini təhlükəsizliyin təminatı baxımından olduqca təhlükəlidir. “Hazırkı dövrdə milli və qlobal təhlükəsizliyin əsas komponentlərindən birini məhz dini təhlükəsizlik təşkil edir”, - deyə S. Heydərov əlavə edib. Bildirib ki, dini təhlükəsizlik təmin olunmadan milli təhlükəsizliyi təmin etmək qeyri-mümkündür. Milli təhlükəsizlik təmin edilmədən isə nə ictimai-siyasi sabitlikdən, nə demokratiyanın inkişafından, nə də hüquq və azadlıqların təmin edilməsindən bəhs etmək mümkündür.

S.Heydərov qeyd edib ki, dövlətimiz dini radikalizmin qarşısının alınması, vətəndaşlarımızın xarici təsirlərdən qorunması, ölkədəki dini durumun sabit saxlanılması, əhalinin təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri bu gün də uğurla davam etdirir.

Tədbir müzakirələrlə işini yekunlaşdırıb.