Avqustun 5-də Masallı şəhər Heydər Əliyev Mərkəzində Məhərrəm ayı ilə bağlı maarifləndirici tədbir keçirilib.
Müşavirədə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) sədrinin müavini Səyavuş Heydərov, Masallı Rayon İcra Hakimiyyətinin (RİH) başçısı Araz Əhmədov, İH-nin nümayəndələri, bələdiyyə sədrləri, məscidlərin imamları və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Açılışdan əvvəl Masallı RİH-nin başçısı Araz Əhmədov və DQİDK sədrinin müavini Səyavuş Heydərov Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsinə ehtiramlarını bildiriblər. Ərazi bütövlüyümüzün bərpası uğrunda mübarizədə canlarını fəda etmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Tədbiri giriş sözü ilə açan Rayon İcra Hakimiyyətinin başçısı Araz Əhmədov rayonda dini durum barədə ətraflı məlumat verərək Məhərrəm ayının keçirilməsi ilə əlaqədar dindarların üzərinə düşən vəzifələr barədə danışıb.
Məscid və digər ibadət yerlərində dini mərasimlərin icrası zamanı qanunlara ciddi riayət olunmasının vacibliyini diqqətə çatdıran A.Əhmədov dini mərasimlərin mahiyyətinə uyğun, xurafat elementlərindən uzaq təşkil edilməsini xüsusi olaraq vurğulayıb.
DQİDK sədrinin müavini Səyavuş Heydərov qeyd edib ki, din pərdəsi altında İslamı təhrif edən, xurafatı, cəhaləti yayan, insanlar arasında ixtilafa səbəb olacaq çağırışlar edən, məzhəb ayrı-seçkiliyi salan qüvvələrə qarşı mübarizə istiqamətində dindarlarımızın üzərinə də böyük məsuliyyət düşür. S.Heydərov din xadimlərinin Vətənə, milli-mənəvi dəyərlərimizə, o cümlədən azərbaycançılıq ideologiyasına bağlı olmalarının önəmini bildirib. “Bizim başlıca vəzifəmiz vətəndaşlarımızı, xüsusilə gənclərimizi yad dini ideologiyaların təsirindən qorumaqdır. Bu baxımdan maarifləndirmə tədbirlərinin səmərəliliyinin artırılmasına xüsusi önəm verilir”,-deyə sədr müavini əlavə edib.
Daha sonra Qafqaz Müsəlmanları İdarəsinin Masallı rayonu üzrə qazısı Rəşid Talıbov, Masallı şəhər “Cümə” məscidinin imamı Məftun Hüseynov və başqaları çıxış ediblər.